Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

Milli mətbuat günü münasibəti ilə

 SÖZÜN DƏYƏRİ

 Bu gün milli mətbuatımızın yaranması və inkişafında Həsən bəy Zərdabi ilə yanaşı, onun inkişafına himayədarlıq etmiş şəxsiyyətlərin də xatirəsi ehtiramla anılır

 XIX əsrin ikinci yarısında Azərbaycanın iki böyük parlaq şəxsiyyətinin, Hacı Zeynalabdin Tağıyevlə Həsən bəy Zərdabinin Təzəpir məscidi yaxınlığında qonşu yaşaması və yaxın dostluğu sonralar xalqımızın uğurlu bir qismətinə – şansına çevrildi. Tağıyevin «maarifpərvər milyonçu və böyük mesenat» olmasında da bu tale qisməti çox böyük rol oynamışdır. Azərbaycanın siyasi-ictimai və mədəni həyatında tərəqqi və inkişafa yol açmaq üçün milyonlarını əsirgəməyən böyük insanlıq və xeyirxahlıq nümunəsi, sərvət və səxavət sahibi Hacı Zeynalabdin Tağıyev həm Bakı Dumasının qlasnısı, həm də Demokratik Cümhuriyyətin parlaman üzvü kimi bütün imkanlarını büna yönəldirdi. Məhz xalqımızın sözün əsl mənasında böyük ziyalısı olan Həsən bəy Zərdabinin millətimizi inkişaf etdirmək yolundakı ideyalarını şəxsi sərvəti ilə dəstəkləyən Hacı Zeynalabdin Tağıyev əslində eyni can yanğısı nümayiş etdirirdi.    

Haqlı olaraq «Kaspi» qəzeti ötən əsrin əvvəlindəki saylarının birində yazırdı ki, əgər biz Tağıyevin xalqın maariflənməsi və milli mətbuatın inkişafına himayədarlığınından yazası olsaq, onda gərək bir ay dərginin bütün nömrələrini buna həsr edək».

1908-ci il 12 noyabr tarixli «Tazə həyat» qəzetinə verdiyi müsahibəsində bu parlaq şəxsiyyət məramlarını belə açıqlayırdı:

«Kasıb olduqlarından ata-anam mənə sevgi, məhəbbət, nəvazişdən başqa heç nə verə bilməyiblər, məndə olan bütün yaxşı cəhətlər üçün onlara – məhəbbət və nəvazişlərinə borcluyam. Şübhəsiz, bu da Allah-taalanın iradəsi ilə olub. Bütün işlərimlə yanaşı, fikrim-zikrim xalqımı xoşbəxtliyə çatdırmaqdır. Buna görə gecə-gündüz əlləşirəm, məqsədə çatmaq üçün çoxlu məktəb açmaq lazımdır. Çoxlu kitab, məcmuə və qəzet çap etdirib, hər yerə – uzaq kəndlərə də göndərilməlidir».

«Baku» qəzetinin 9 mart 1912-ci il tarixli nömrəsində Hacı Zeynalabdin Tağıyevin bütün Rusiyadakı şöhrətindən danışan jurnalist yazırdı:

«Bütün Rusiya Tağıyevi tanıyır. Yalnız Moskva, ya da Peterburqda deyil, hər hansı yerə gəldikdə, orada söhbət Qafqazdan, Bakıdan düşdükdə, sizə mütləq deyəcəklər:

- «Hə, hə…Tağıyev yaşayan yer».

Tağıyevin Rusiyanın hər bucağında belə tanınması onun milyonları sayəsindədirmi? Qətiyyən yox. Hacı haqqında rəy söyləyənlər birinci növbədə onun milyonları barədə deyil, insanpərvərliyi, xalqa əl tutması haqqında ağızdolusu söhbət açırlar. Tağıyev bütün Qafqaz müsəlmanlarının fəxridir. Onun adı həmişə ehtiram və məhəbbətlə çəkilir.

Adi bənna, savadsız azərbaycanlı olan Tağıyev xalqın ən aşağı təbəqələrindən çıxaraq ucalmış, böyük, parlaq, orijinal bir şəxsiyyətdir. O, böyük kamal və enerji sahibidir».

Tağıyev yaxşı bilirdi ki, millətin tərəqqisi üçün maarif, mədəniyyət, mətbuat, qəzet, dərgi, məktəb, təhsil lazımdır. Maarif məşəlini isə yalnız millətin öz vətəndaşları yandıra bilər. Deməli, milli kadrlara böyük ehtiyac var idi. Qısa vaxt ərzində şəxsi vəsaiti ilə Nəriman Nərimanovu, Məşədi Əzizbəyovu, Əlimərdan bəy Topçubaşovu, Qara bəy Qarabəylini, Behbud bəy Cavanşiri, Lütfəli bəy Behbudovu, Mirzə Davud Hüseynovu, Nəsib bəy Yusifbəylini, Maxac Daxadayevi, Mir Həsən Vəzirovu, Xudadat bəy Məlikaslanovu, Ruhulla Axundovu, Əziz Əliyevi, A.Mahmudbəyovu, Şövkət Məmmədovanı və onlarla azərbaycanlı gənci dünyanın başqa şəhərlərinə təhsil almağa göndərmişdir. Bakıda quberniya mərkəzində texniki, kommersiya və ya peşə məktəblərinin açılmasına iri məbləğdə pul ayırıb həmin tədris ocaqlarının kabinet və laboratoriyalarının yaradılmasını təşkil edirdi. Bütün Şərqdə və imperiyada məşhur olan Qızlar məktəbini yaradaraq bu təhsil ocağını dərs vəsaiti, kitablar, məktəb ləvazimatları ilə təchiz etdirirdi. Şeyxülislam Əbdüssəlah Axundzadənin «Tarixi-müqəddəs», Sultan Məcid Qənizadənin «Əşari Seyid Əzim Şirvani» kitablarını, Nəriman Nərimanovun «Nadir şah» əsərini müxtəlif dillərdə çap etdirmişdir. Bundan başqa, Mahaçqala, Tiflis, Krım, Sibir, Moskva, Odessa, Vladiqafqaz, Peterburq, Volqaboyu, Xarkov və Rusiyanın başqa şəhərlərində ana dilində məktəb açdırıb və ora külli miqdarda vəsait ödəyib.

Tağıyevin maarif sahəsindəki xidmətlərinin coğrafiyası genişdir. Harada məktəb açmaq, mətbəə almaq, qəzet dərci lazım gəlirdisə Tağıyev özünü ora atır, mətbəə alır, qəzetlərə himayədarlıq edir, hətta alınmış qəzetlərin abunə haqqını da bəri başdan ödəyirdi.

Böyük mesanatın ən böyük məramı mətbuatın, xüsusən də ana dilində qəzet və jurnalların nəşri idi. Çünki millətin bəsirət gözünü açmaq, avamlığın, cəhalətin bəlasından yaxa qurtarmağın yeganə yolu maarif və mətbuat idi. Odur ki, hələ 1895-ci ildə o dövrün pulu ilə çox baha – 57 min rubla «Kaspi» qəzetini ermənilərdən və ruslardan zorla satın alaraq Azərbaycan ziyalılarını başına yığır. Parisin Sarbonna Universitetindən yeni qayıdan Əhməd bəy Ağaoğlu Şuşada şkolada dərs deyirdi. Hacı Zeynalabdin 1897-ci ildə Əhməd bəyə Bakıya köçməyi və «Kaspi» qəzetində işləməyi təklif edir. Təklifi qəbul edən Ağaoğlu paytaxta köçür. Bir müddət o, Hacı Zeynalabdinin tövsiyəsi ilə dövrünün məşhur hüquqşünası Əlimərdan bəy Topçubaşovla birlikdə «Kaspi» qəzetinin redaktorları və müəllifləri kimi çıxış edirlər. Çox keçmədən «Həyat», «İrşad» və «Tərəqqi» qəzetləri də nəşr olunmağa başlayır. 1906-1907-ci illərdə Hacının maliyyə dəstəyi ilə nəşr olunan «Füyuzat» dərgisi Azərbaycanda böyük bir ziyalı nəslini yetişdirir. Bu dərgi milli-ictimai fikir tariximizə təkanverici təsir göstərir, «Füyuzat» ədəbi məktəbini yaradır. «Tazə həyat», «Tərəqqi», «Yeni füyuzat», «Bəsirət», «Həqiqət», «Şəlalə», «İqbal», «Açıq söz», «Qurtuluş» kimi qəzetlər bu məktəbin davamçıları olaraq fəaliyyət göstərirdi. Tağıyev millətinin bircə addım da qabağa getməsi üçün son quruşunu da xərcləməyə hazır idi və bunu edirdi. «Füyuzat»a qədər maliyyəçisi olduğu bir neçə qəzet və dərginin naşirlərinə və «Füyuzat» ədəbi məktəbinin ziyalılarına millətimiz uğrunda sonadək mübarizə aparmağı təvəqqe edirdi. Arxiv sənədlərində onun adı «Difai» partiyasının təsisçisi kimi də çəkilir. Milli münaqişələr zəminində müsəlman əhalisinin xilası yönündə zəruri  tədbirlər görür, 1918-ci ilin mart günlərində müsəlman müdafiə dəstələrinin maddi təminatını və talan olunmuş kəndlərə İrandan ərzaq gətirilməsini təşkil edir. Çox təəssüf ki, məşum mart qırğını günlərində Bakıda ilk teatr binası «Tağıyev teatrı» və «Kaspi» qəzetinin redaksiyası da tamamilə yandırılır.

1906-1907-ci illərdə «Dəbistan» uşaq jurnalı redaksiyasında işləmiş Əliabbas Rzayev adlı bir təqaüdçü öz xatirələrində yazırdı ki, bir dəfə Hacı «Dəbistan» jurnalının redaksiyasına gələrək redaksiyanın vəziyyəti ilə maraqlandı. Uşaqlar üçün jurnal nəşr etməyin xeyrindən danışdı, açdığı Qız məktəbi üçün 12 nüsxə, Bakının başqa məktəbləri üçün də, hərəsinə bir neçə nüsxə, cəmi 50 nüsxə abunə yazdırdı və pulunu ödəmək üçün onun kontoruna getməyimi tapşırdı. O, redaksiyanın maddi ehtiyac içində olmasını biləndən sonra maddi kömək göstərəcəyinə söz verdi və sözünü yerinə yetirdi.

Tağıyevin mətbuata olan himayədarlığı və sevgisi Nəriman Nərimanovun 1900-cü ildə H.Z.Tağıyevin həyat və fəaliyyəti haqqında yazdığı monoqrafiyasında maarifpərvər milyonçunu belə təsvir edilirdi.

«Cənab Hacı hazırda 63 sinnində varsa da, ancaq çox diribaş görünür, özü ortaboy, tökmə şəxsdir. Hər bir əzası dürüst, üzündən əqlü-kamalı məlum olunur. Səhər saat 10-dan ta 2-dək qeyrətli Hacı kontorunda olub və arada məişət işlərinə diqqət edir. Hər gün rus mirzəsi rus lisanında məşhur qəzetləri oxuyur və arada sual-cavab da olur. Sonra müsəlman mirzəsi İrandan, Osmanlıdan, Hindistandan və Misirdən gələn türk, fars və ərəb qəzetlərini oxuyur. Hacı çox diqqət ilə qulaq asıb öz təsəvvürünü söyləyir. Hacı politikaya, yəni siyasi məsələlərə artıq diqqət edir. Hörmətli Hacının bu sinnində qüvveyi hafizəsinin itiliyinə məəttəl qalmalıdır. Gündə on qəzetəyə qədər oxunur, sabahı hamısından xəbər verməyə hazırdır. Hansı əhvalat hansı qəzetdə olmağını səhvsiz söylər. Bu səbəbə görə cənab Hacı – zəmani hazırda siyasətdən, mədəniyyətdən və mərifətdən söhbət etməyə qadirdir. Mədəniyyətli şəxslər Hacının elmlərdən və tarixdən xəbərdar olmağına təəccüb edirlər. Xülqü-xasiyyəti çox mülayim, özündən kiçiklərə həmişə hörmət edən, dediyi bir sözü iki olmayan, verdiyi vədəyə əməl edən, haqq sözdən qaçmayan, günahkarın təqsirindən keçən, öz səhvini gizlətməyən, qeybətdən ictinab edən, ürəyi saf hissli bir zatdır. Hörmətli Hacı teatrı nəhayətdə sevir, hər axşam öz lojasında əyləşib artistlərin oyunlarına çox diqqətlə baxır.

Böyük hünərdir, əzizim, insan öz sağlığında cəmiyyətli-xeyriyyəyə bu qədər xərc etmək.

Əhli qələm qardaşlarımız bunların millətə olan xidmətlərini nəzərdən keçirib millət tarixinin səhifələrinə yazarlar, tainki istiqbalda balalarımız oxuyub qəlbləri şad olsun və gözləri açılsın. Bilsinlər ki, bizdə millət qeyrətini çəkənlər varmış. Düşünsünlər ki, hərçənd bu şəxslər qəbri-bədayə köçüblər, onunla belə ismləri millətin dilində hörmətlə zikr olunur…»

Tağıyev insan şəxsiyyətinə və insan ləyaqətinə həmişə ehtiramla yanaşmışdır. İnsan qüruru, insan mənliyi ondan ötrü nəcib və vacib bir keyfiyyət idi. «Baku» qəzeti 9 mart 1912-ci il nömrəsində qəzetin Tağıyevlə müsahibəsində Paris şəhərindən yenicə qayıtmış Hacı müxbirə qəribə bir əhvalat danışmışdı:

« - Mən bir faytonçudan danışacağam. Küçədə faytonla keçirdim, qabaqda mənə sağa burulmaq lazımdı. Faytonçu isə sola buruldu. Mən çətirin ucu ilə onun kürəyinə toxunub dedim: «Sağa dön».

Nə olsa yaxşıdır? Faytonçu qəzəblənmiş halda yerə atılıb qollarını ölçə-ölçə çığırmağa başladı.

- Ona nə oldu? – deyə mən dilmancdan soruşdum:

- O qəzəblənib, deyir ki, nə cəsarətlə siz çətirlə onun kürəyinə toxunmusunuz, bununla onu təhqir etmisiniz.

Mən oradakı camaata təəccüb qaldım və hər şeyi başa düşdüm…Bizdə adamın lap boynunu da vursan sənə səcdə edəcək. Bizdə də belə camaat olandan sonra başqa həyat olacaq».

Müxbir sonra əlavə edərək yazırdı:

« - Mən, ömründə bircə kitab da oxumayan, güc-bəla rusca danışan dünənki fəhləyə, cizgilərlə imza edən bu qocaya heyrətlə baxdım.

O, mənə Avropadakı kafe-şantanlar, teatrlar, şəhərlərin gözəlliyi barədə deyil, məhz insan haqqında danışırdı. O azad və məğrur insanı görmüş və duymuşdu. O, dərindən nəfəs alaraq təəssüflə bildirdi ki, bizdə belə məğrur və azad adamlar yoxdur»…

XX yüzilin sonunda müstəqilliyini ikinci dəfə bərpa edəndən sonra ölkəmizdə 70 il Sovet imperiyası tərəfindən Tağıyev xeyirxahlığının üstündən çəkilmiş qara qələmin siyah qadağalarını da aradan qaldırdı. Hacının bir zamanlar Avropada müşahidə etdiyi insan hüquq və azadlıqlarına hörmət, haqların qorunması bu gün dövlətimizin və cəmiyyətimizin əsas prioritet istiqamətlərindəndir.

Tağıyevin millət qarşısındakı tarixi xidmətləri arxivlərdən, xatirələrdən araşdırılmış şəkilləri mətbuatın hörmət çələnginə çevrilmişdir. 1993-cü ildən Tağıyevin şərəfinə «Media» mükafatı təsis edilərək xalqın qəlbində əbədiyyət heykəlinə çevrilmiş bir insanın mənəvi haqqı özünə qaytarılmışdır. İndi ölkəmizdə də Tağıyevin davamçıları elmə, mədəniyyətə və təhsilə dəstək verən insanlar böyük mesenatın adına olan mükafatla təltif edilir. Bu günlərdə Amerika-Azərbaycan Ticarət-Sənaye Palatasının təşəbbüsü ilə, şəxsən ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzənin nüfuzlu iş adamı Abdulbari Gözəli Tağıyev mükafatı ilə təltif etməsi dediklərimizə parlaq sübutdur.  

İndi dövlətimizin rəhbəri də, mətbuat nümayəndələrimiz, sadə xalq da bu böyük və nurlu insanın xatirəsini böyük hörmət və ehtiramla anır. Şübhəsiz ki, Tağıyev adının əbədiləşməsində bütün fəaliyyəti boyu onları dəstəkləyən və himayə edən media nümayəndələrinin də rolu misilsizdir.

Milli mətbuatımızın ilk yaradıcısı, böyük və mütərəqqi ideyaların müəllifi Həsən bəy Zərdabinin adı çəkilərkən, xalq qarşısında xidmətləri anılarkən bu sırada şəxsi vəsaitinin böyük hissəsini millətinin savadlanmasına həsr etmiş milyonçu Hacı Zeynalabdin Tağıyevin xatirəsini anmamaq mümkün deyil. Çünki milli mətbuatımızı yaradan, onun inkişafına təkan verən tarixi şəxsiyyətlər hər bir media məsubu üçün əzizdir. Ən azı ona görə ki, bu mətbuatımızın tarixidir.

 Mirvari Rəhimzadə,

əməkdar jurnalist