Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

ELDAR NURIYEV - 75 illik ömrün zirvəsində…

İnsan ömrü yola bənzəyir. Əvvəli və sonu olan yola.  Bu, ömür yoludur. İnsan dünyaya göz açandan onun ömür yolu da müəyyənləşir.  Kim xeyirxahlıq və zəhmət yolunu seçirsə, uğur da, ad-san da onu tapır.Sirac müəllimin ilk övladı – oğlu Eldar kimi….


Eldar Sirac oğlu Nuriyev 16 may 1936-cı ildə Bakı şəhərində, müəllim ailəsində anadan olub. Bakının tanınmış bir məktəbində – Oktyabr rayonundakı (indiki Yasamal) 18 nömrəli məktəbdə orta təhsil alıb. 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinə daxil olub və 1961-ci ildə təhsilini başa vurub. O vaxtdan bəri həyatını Azərbaycan tikinti kompleksi ilə bağlayıb.

1961-ci ildə Eldar Nuriyevi təyinatla Bakı Baş Tikinti İdarəsinin yenicə tikilib istismara buraxılmış 1 nömrəli evtikmə kombinatına göndərirlər. Sex ustası kimi əmək fəaliyyətinə bu müəssisədə başlayan gənc mütəxəssis qısa müddətdə öz bacarığı və işgüzarlığı sayəsində Birləşmiş Həmkarlar İttifaqı Təşkilatının sədri seçilir, sonra kombinatın partiya təşkilatının katibi olur. 1967-1972-ci illərdə sorağı Azərbaycan KP Mərkəzi Komitəsindən gəlir. Elmə hədsiz həvəsi onu 1972-ci ildə öz xahişi ilə mühüm partiya aparatından, hələ 1969-cu ilin mart ayından dissertantı olduğu  Azərbaycan SSRİ Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İqtisadiyyat İnstitutuna gətirir. Burada baş elmi işçidən elmi işlər üzrə direktor müavini vəzifəsinə qədər yüksəlir.

O, 1975-ci ildə SSRİ Dövlət Tikinti Komitəsinin Moskvadakı Elmi Tədqiqat Tikintinin İqtisadiyyatı İnstitutunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır. RSFSR-in əməkdar inşaatçısı, elmlər doktoru, professor V.Malyukin, tanınmış alimlərdən iqtisad elmləri doktoru M.Xaykin, iqtisad elmləri doktoru, ABŞ və Kanada İnstitutunun bölmə müdiri, professor Yakov Rekitar və başqaları onun elmi axtarışlarına, əldə etdiyi nəticələrə yüksək qiymət vermişlər.

Eldar müəllim 50-dən çox elmi məqalənin, bir neçə broşuranın müəllifidir. Divar daş materiallarının maya dəyərinin kalkulyasiyasının təkmilləşdirilməsi və istehsalın səmərəliliyinin yüksəldilməsi üçün daş karxanalarının tullantılarından kompleks istifadə olunması barədə təklifləri Dövlət Plan Komitəsində, Tikinti Materialları Sənayesi Nazirliyində və Dövlət Qiymət Komitəsində bəyənilərək həyata vəsiqə almışdır.

Ötən əsrin 80-ci illərində Azərbaycanda inşaat potensialının aşkar edilməsi, tikinti kompleksinin və inşaat materialları sənayesinin istehsal gücünün artırılması sahəsində Eldar Nuriyevin fəaliyyəti daha məhsuldar olmuşdur. Onun birbaşa rəhbərliyi və redaktorluğu ilə 1986-cı ildə «Azərbaycanda əsaslı tikintinin problemləri» adlı məqalələr toplusu çapdan çıxmışdır. Bundan əvvəl isə «Azərbaycan Respublikasında yüngül doldurucular və qeyri-filiz materiallarının vəziyyəti və inkişaf perspektivləri» adlı elmi kitabçası nəşr edilmişdir. Sumqayıtda yüngül doldurucular zavodu və Gilgilçay qum-çınqıl karxanasının, Masallı Keramit zavodunun tikintisində, Bəhrəmtəpə və Mingəçevirdəki müəssisələrin genişləndirilməsində onun təklifləri müvəffəqiyyətlə həyata keçirilmişdir. Eldar müəllimin elmi axtarışlarında və kitablarında yığma dəmir-beton konstruksiyalarına olan tələbat və onun hesabatı, tikintidə maşın və mexanizmlərdən səmərəli istifadə və onların təmir müddətinin təşkili yolları ətraflı işıqlandırılmışdır.

Eldar müəllim Zaqafqaziya alimləri arasında yeganə şəxsdir ki, on ilə yaxın müddətdə (1982-1991-ci illərdə) Moskvada nəşr olunan «Экономика строительства» jurnalının redaksiya heyətinin üzvü olmuşdur.

Yaxşı yadımdadır ki, 1988-ci ilin axırlarında E.Nuriyev Azərbaycan Respublikası Tikinti Materialları Sənayesi Nazirliyində İqtisadi məsələlər üzrə nazir müavini vəzifəsində işləyirdi və bu vəzifədə 10 ilə yaxın çalışmışdır. Burada onun iqtisadi, təşkilati və insani keyfiyyətləri özünü büruzə verir. Belə ki, birinci növbədə kadrların iqtisadi biliklərinin artırılması ön plana çəkilir. Respublika Nazirlər Soveti yanında İdarəetmə İnstitutu ilə kadrların iqtisadi biliklərinin artırılması məqsədilə birgə proqram hazırlanır. Bu illər Nazirliyin bütün müəssisələri təsərrüfat hesabı üsulu ilə işləyirdi. Lakin Nazirliyin işçi orqanı olan aparat büdcədən maliyyələşdirilirdi. Qeyd etmək lazımdır ki, Nazirliyin və eləcə də, qabaqcıl müəssisələrin rəhbərləri idarəetmə sistemində xeyli vaxt hökm sürən dövlət amirliyi, iqtisadiyyatın mərkəzləşdirilməsi, idarəetmənin çevikliyini və manevretmə qabiliyyətini yüksəltmək məqsədilə çox fikirləşirdilər. Məqsəd, iqtisadi tənzimləmə metodları əsasında Nazirliyin bütün müəssisələri arasında qarşılıqlı surətdə faydalı əməkdaşlıq sisteminə keçməkdən ibarət idi.

Tikinti materialları sənayesinin idarəetmə sistemində həlledici dönüşün yaradılması, bazar münasibətlərinin inkişafı və özünümaliyyələşdirmə, qeyri-mərkəzləşdirmə ilə bağlı sahənin yaxın gələcəkdə fəaliyyəti üçün Eldar Nuriyevin rəhbərliyi altında Nazirliyin mütəxəssisləri tərəfindən konsepsiya hazırlanmışdır.

Bazar iqtisadiyyatına keçidlə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Soveti ölkədə ilk dəfə olaraq 1991-ci il yanvarın 25-də Dövlət Konserninin tabeliyində olan Sumqayıt Şüşə zavodunun elə həmin şəhərdə yerləşən «Xəzər» Səhmdar Cəmiyyətinə sınaq qaydasında verilməsi haqqında (aksiyalarının 51 faizi dövlətdə, 49 faizi isə «Xəzər» SC-də olmaq şərti ilə) çox mühüm qərar qəbul etmişdir. Beləliklə, 1991-ci ilin əvvəllərindən Sumqayıt Şüşə zavodu «Xəzər» SC-nin tərkibinə daxil olmuşdur.

Sovetlər Birliyi dağılandan və tam iflasa uğrayandan sonra keçmiş müttəfiq respublikalarla əlaqə demək olar ki, kəsilmişdir. Ötən əsrin 90-cı illərinin əvvələrində MDB ölkələri ilə iqtisadi əlaqələrin pozulması, bazar iqtisadiyyatına keçid dövründə saysız-hesabsız çətinliklər, problemlər yaratdı. Belə bir şəraiti nəzərə alaraq «Azərtikintimateriallarısənayesi» Dövlət Konsernin rəhbərliyi çalışırdı ki, xarici iqtisadi əlaqələri genişləndirsin, tikinti materiallarının istehsalı sahəsində böyük təcrübəyə malik olan ölkələrlə münasibət yaratsın, qabaqcıl, texniki-tərəqqinin tələblərinə cavab verən istehsal sahələri ilə mütəxəssislərini tanış etsin. Heç də təsadüfi deyildi ki, Dövlət Konsernin iqtisadi məsələlər üzrə vitse-prezidenti E.Nuriyevin rəhbərlik etdiyi nümayəndə heyətinin ilk xarici səfəri qardaş Türkiyəyə olmuşdur. Konsernin mütəxəssisləri Azərbaycan Respublikasının müstəqilliyinin 2-ci ildönümü ərəfəsində  – 1992-ci il oktyabr ayının 1-dən Tosyov Afyon Dəstəkləmə Şirkətinin dəvəti ilə Türkiyənin dünyada mərmər yataqları ilə məşhur olan Afyon şəhərində olmuşlar. Sahibkarlarla görüşlər, özəl müəssisələrin işi ilə tanışlıq və fikir mübadiləsi böyük təcrübənin əldə olunmasına kömək göstərdi. Çox qısa bir vaxtda ölkəmizdə «Tikinti materiallarının istehsalı sənayesi sistemində özəlləşdirmə proqramının həyata keçirilməsi və struktur dəyişikliklərin aparılması» Proqramı hazırlandı. Bu proqram ölkə prezidentinin «Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı»na əsasən Konsern tərəfindən hazırlanmışdır.              

Eldar Nuriyev hal-hazırda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində çalışır.

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na əsasən Komitəyə Böyük Bakının Regional İnkişaf Planının (Baş planının) hazırlanması, ölkənin bir neçə iqtisadi rayonlarında «Məskunlaşmanın, təbiətdən istifadənin və məhsuldar qüvvələrin ərazi təşkilinin regional planlaşdırma sxemi»nin işlənməsi tapşırılmışdır. Şübhə yoxdur ki, bu vacib işlərin yerinə yetirilməsində Eldar müəllimin rəhbərlik etdiyi «İqtisadiyyat və smeta normaları» şöbəsinin kollektivi də öz töhfəsini verəcəkdir. 

Eldar Nuriyevin maraq dairəsi çox genişdir. Ədəbiyyatla və incəsənətlə çox maraqlanır. Daim dünya ədəbiyyatını mütaliə edir, poeziyanı sevir, hələ institutda oxuyarkən özfəaliyyət kollektivinin yaradıcılarından biri kimi 1957-ci ildən Moskvada keçirilən VI Ümumdünya Gənclər Festivalının iştirakçısı olub. İndi məşhur bəstəkar və dirijor kimi tanınan respublikanın xalq artisti Nəriman Əzimovu, 1959-cu ildə Politexniki İnstitutuna məhz o, dəvət etmişdir.

Yadımdadır: Eldar müəllim tikinti kompleksinin ən iri qolu olan Tikinti Materialları Sənayesi Nazirliyində nazir müavini işləyirdi. Erməni quldurları xaincəsinə torpaqlarımıza soxulub çamaatımızı isti ocağından, dədə-baba yurdundan qovmağa başlayanda ölkədə qıtlıq, bahalıq, işsizlik problemi yaranmışdı. Belə bir ərəfədə çoxları dara düşəndə Eldar Sirac oğlunun yanına gəlirdilər. Hamı bilirdi ki, Eldar müəllim hər hansı bir məsələnin həllini boynuna götürsə, deməli, iş düzələcək. Buna görə də o, daim seçilib, sayılıb, hörmət qazanıb.

Tikinti Materialları Sənayesi Nazirliyində çalışdığı zaman Eldar müəllim və onun ətrafı ölkəmizin siyasi və iqtisadi həyatında keçirilən tədbirlərdə fəal iştirak edirdilər. Nazirliyin, onun müəssisələrinin fəal iştirakı və vəsaiti hesabına xalqımızın böyük oğlu, xeyirxah əməl sahibi Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı məzarında abadlıq işləri aparılmış və abidə heykəli qoyulmuşdur. Keçmiş qubernator bağında Dövlət Filarmoniyasının yaxınlığında görkəmli şairimiz, ölməz qəzəlxan Əliağa Vahidin heykəli ucaldılmışdır.

Başqa bir misal: Keçən əsrin 60-cı illərinin sonu, 70-ci illərin əvvəllərində Eldar Nuriyevin partiyanın aparatında – Mərkəzi Komitədə məsul vəzifədə çalışdığı illəri yada salaq. O, həmin illərdə insaflı hərəkəti, vicdanlı ürəyi ilə, xalqa bağlılığı və bir də əməksevərliliyi ilə ümumxalq məhəbbəti qazandı. Çoxları Eldara həsəd aparırdı, neçə-neçə cavanlar arzu edirdilər ki, Eldar işlədiyi aparatda çalışsın, özü üçün nəsə eləsin. Eldar isə bu yolu da getmədi, gözütoxluğu, tamahsızlığı ilə seçildi və uzaqgörənliyi sayəsində partiya işindən uzaqlaşıb elm yolu ilə inamla, sürətlə irəlilədi və məqsədinə də çatdı.     

2011-ci ilin aprel ayında Eldar müəllimin qələm dostu, “İnşaatçı” qəzetinin baş redaktoru Zərbalı Mirzə ilə birgə yazdığı 18.5 çap vərəqi həcmində «Azərbaycanın inkişafında tikinti kompleksinin rolu» adlı kitabı nəfis şəkildə “Şərq-Qərb”  mətbəəsində işıq üzünü görmüşdür.

Kitabda müstəqil Azərbaycanın qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi möhtəşəm 40 illik dövrdə, eləcə də onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər respublikamızda aparılan nəhəng tikinti quruculuq işlərindən ardıcıllıqla bəhs olunur.

Hesab edirəm ki, bu kitab tikintidə çalışan və bu sahə ilə maraqlanan geniş oxucu kütləsi üçün çox faydalı olacaqdır.   

Eldar Nuriyevlə tanışlığımızdan uzun illər keçir. Arxada qalan bu illər ərzində tanışlığımız dostluğa çevrilmişdir.

İşlədiyi illər ərzində tale onun qismətində, ömür payında yaddaqalan neçə-neçə cığırlar açıb. Fərəhli anları da olub, ədalətsizliklə də üzləşib, amma çətinliklərdən qorxub geriyə çəkilməyib. O, zəhmətinə, biliyinə, bir də bizləri yaradan Xudavəndi-aləmin vəhdətinə bel bağlayıb, elinə, obasına, həmkarlarının sədaqətinə arxalanıb. Çünki Eldar Nuriyev harada və nə vəzifədə işləyibsə insafını əldən verməyib, əli təmiz, gözütox olub və ətrafdakılar da onun özü kimi pak və təmiz olublar.

Eldar peşəkar mütəxəssis, kamil ziyalı, təcrübəli insan, səmimi dostdur.

O, həm də gözəl ailə başçısıdır. Həyat yoldaşı Kəmalə xanım da ali təhsilli mühəndisdir. Uzun illər «Azərdövlətneftkimya» layihə İnstitutunda uğurla çalışıb. Bu xanım-xatın qadınla birgə Eldar qardaşımız 40 ildən çoxdur ki, firavan ömür sürür, 3 övladı və 3 nəvəsi vardır.

2011-ci il mayın 16-da Eldar Nuriyevin 75 yaşı tamam olur.

75 illik ömrünün zirvəsində dayanan Eldar müəllimə səmimi təbriklərimizi çatdırır, ona çalışdığı sahədə, elmi yaradıcılığında və həyatda daha böyük uğurlar arzulayıram.

Yaşa, yarat, Eldar qardaşımız, sənin istedadının ziyası hələ çox qaranlıq yollarımıza işıq saçacaqdır.

Ziyad Səmədzadə,

Akademik, millət vəkili