Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
23 may - 3 iyun 2019-cu il
20 (1069)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

Görkəmli alim, xeyirxah və səmimi insan

Bu il aprelin 24-də dünyaşöhrətli görkəmli alim, geologiya elminin korifeylərindən biri, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, İ.M.Qubkin adına mükafatın laureatı, Türkmənistanın əməkdar elm xadimi akademik Ələşrəf Əbdulhüseyn oğlu Əli-zadənin 100 yaşı tamam olardı. Onun geologiya elminin inkişafında və bir sıra yeni neft və qaz yataqlarının kəşf edilməsində və işlənilməsində rolu əvəzedilməzdir.

  Akademik Ə.Ə.Əli-zadənin geologiya elminin müxtəlif sahələri üzrə eyni səviyyədə apardığı tədqiqat işləri bu günə qədər də öz əhəmiyyətini itirməmiş, ona dünya şöhrəti qazandırmışdır.

O, yüksək erudisiyaya və geniş diapazonda dərin hafizəyə malik çox diqqətli tədqiqatçı idi. Ələşrəf müəllim hər hansı bir problem üzrə tədqiqat işlərinə başlamazdan əvvəl, böyük məsuliyyət hissi ilə o, problemi dərindən öyrənər, öz tədqiqatlarını problemin «qaranlıq qalmış» məsələlərinin araşdırılmasına yönəldərdi. Bu baxımdan onun Azərbacanın neogen çöküntülərinin stratiqrafiyası, litologiyası, paleogeoqrafiyası və neft-qazlılığına həsr edilmiş fundamental monoqrafiyaları geologiya elminə təkraredilməz bir xəzinədir. Ələşrəf müəllim mürəkkəb problemləri çox qısa və sadə dildə oxucuya çatdırmağı bacarardı. Onun elmi əsərləri bu gün də öz əhəmiyyətini itirməmiş, çox böyük maraqla və asanlıqla oxunur.

Ələşrəf müəllim görkəmli alim, dövlət xadimi, elmin təşkilatçısı olmaqla yanaşı, talantlı bir müəllim idi. Onun yetişdirdiyi yüzlərlə yüksək ixtisaslı mühəndis və elmi kadrlar hazırda nəinki Azərbaycanda, hətta onun hüdudlarından uzaqlarda iri elmi mərkəzlərə və istehsalat birliklərinə rəhbərlik edirlər.

Ələşrəf müəllimlə uzun müddət birgə işləmək, elmi araşdırmalar aparmaq, bir sıra elmi əsərlər, monoqrafiyalar, geoloji məzmunlu xəritələr və atlaslar dərc etmək şərəfi mənə də nəsib olmuşdur.

Ələşrəf müəllimin görkəmli şəxsiyyətlərə xas olan sadəliyi ona bütün onu tanıyanların hörmət və məhəbbətini qazandırmışdır. Onunla çox asanlıqla hər hansı bir elmi məsələni müzakirə etmək olardı.

Mən rəhmətlik akademik Sübhi Salayevlə birlikdə daima Ələşrəf müəllimin yanına gələrdik, birgə apardığımız tədqiqatların nəticələrini və yaxud çapa hazırladığımız növbəti elmi əsərimizi müzakirə edərdik, onun məsləhətlərinə qulaq asıb əməl edərdik. Ələşrəf müəllim, böyük bir institutun direktoru kimi, vaxtının məhdudluğuna baxmayaraq həmişə bizi qabaqlayar, çapa hazırladığımız əsərin ona aid olan hissəsini çox səliqə ilə vaxtında təqdim edərdi və zarafatla bizi öz hissəmizi ləngitməyimizə görə utandırardı. Hər dəfə bu xoş sifətli, qayğıkeş insanla görüşümüz çox maraqlı keçərdi.

Ələşrəf müəllim ilk görüşdə zəhmi ağır bir insan kimi təsir bağışlayırdı. Ancaq onunla yaxından tanış olanda, birgə işləyəndə, onun nə qədər sadə, xeyirxah insan olduğuna heyran olurdun. O, o qədər nəcib bir insan idi ki, bəzən şəraitdən asılı olaraq yaranmış gərginliyi aradan götürmək üçün kiçik bir zarafata da yol verərdi. Məhz buna görə də Ələşrəf müəllimin haqqında indi də sənətindən, tutduğu vəzifəsindən, milliyyətindən, yaşından asılı olmayaraq onu tanıyanlardan ancaq xoş sözlər, təəssüratlar eşidirik. Bu tarixi həqiqətdir, görkəmli şəxsiyyətin tarixi simasıdır.

Ələşrəf müəllimlə rus dilində çapa hazırladığımız sonuncu əsərimiz «Azərbaycanın və Cənubi Xəzərin neftqazlılıq perspektivliyinin elmi qiymətləndirilməsi və axtarış-kəşfiyyat işlərinin istiqamətləri» monoqrafiyası olmuşdur. Çox təəssüf ki, bu əsər Ələşrəf müəllim gözlənilmədən dünyasını dəyişəndən 40 gün sonra çapdan çıxdı.

Ələşrəf müəllim daima geoloji ədəbiyyatı, neft sənayesi üzrə yenilikləri izləyərdi və bu səbəbdən də ensiklopedik geoloji məlumata malik idi. Hələ «ANSETLİ»da direktor vəzifəsində işləyərkən günün müəyyən saatlarında Ələşrəf müəllim laboratoriyada çalışardı, geologiya elminin müxtəlif sahələri ilə yanaşı paleontoloji tədqiqatlar da aparardı.

Ələşrəf müəllim çox böyük bir iradəyə malik, həyatı sevən, öz dostuna, sənətinə, elminə sadiq qalan bir insan idi. Onun başını hətta «qara buludlar» belə alanda, o əyilməmiş, həyatdan küsməmiş, öz elmi-pedaqoji fəaliyyətini dayandırmamışdı.

50-ci illərdə tale Ələşrəf müəllimi Türkmənistanda yaşamağı məcbur etmişdi. Onun Türkmənistanın həyatı da elmi cəhətdən çox zəngin olmuşdur. O, Türkmənistanda yaşayarkən geniş geoloji tədqiqatlar aparmış, Türkmənistanın geologiyasında «qaranlıq qalmış» problemləri araşdırmış, geologiya sahəsində yüzlərlə mütəxəssis və alim yetişdirmişdir. Bu baxımdan Ələşrəf müəllimin 2 cildlik fundamental monoqrafiyası xüsusilə diqqəti cəlb edir.

Ələşrəf müəllim tarixi bir şəxsiyyət kimi çox geniş şəxsi arxivə malik idi. O, ilk günlərdən ömrünün axırına qədər çox səliqə ilə əlyazmalarını, elmi və tarixi sənədləri ayrı-ayrı qovluqlarda sistemləşdirərdi və dəqiq bilərdi harada nə yerləşir. Bir dəfə onunla növbəti görüşümüzdə o, Azərbaycan Elmlər Akademiyasının 1945-ci ildə yaranması haqqında danışarkən, ilk akademiklərin M.C.Bağırovla razılaşdırılmış siyahısını mənə göstərərək izahat verdi ki, «qırmızı karandaşla M.C.Bağırov bu siyahıya öz şəxsi düzəlişlərini vermişdi. Həmçinin mənim, Səməd Vurğunun və Mirzə İbrahimovun adını da o, şəxsən bu siyahıya əlavə etmişdi. Mən o vaxt Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin ikinci katibi işləyirdim və şübhəsiz ki, M.C.Bağırovun icazəsi olmadan öz adımı ilk akademiklərin siyahısına sala bilməzdim».

Ələşrəf müəllimlə növbəti görüşlərimdən birində o, mənim doktorluq dissertasiyamın müdafiəsini ləngitməyimin səbəbini soruşarkən, mən fikirləşmədən vaxtın çatışmamağını söylədim. Ələşrəf müəllim belə hallarda ona xas olan kəskin baxışlarla mənə baxıb dedi: «sən bilirsənmi M.C.Bağırovla işləmək nə demək idi? Mən müharibə vaxtı Mərkəzi Komitənin ikinci katibi işləyirdim. Evə gecə saat 11-12-dən tez gəlmirdim. Buna baxmayaraq mən işdən sonra səhər saat 5-ə qədər doktorluq dissertasiyamın üzərində işləyirdim və səhərə yaxın 2-3 saat yatdıqdan sonra saat 9-da işdə olurdum. Belə bir şəraitdə  mən Azərbaycanın Maykop çöküntülərinin neftqazlılığına həsr edilmiş doktorluq dissertasiyasını bitirdim. Dissertasiyanı müdafiə etməzdən əvvəl M.C.Bağırovdan icazə almalı idim. Dissertasiyamı M.C.Bağırova
təqdim etdim. M.C.Bağırov dissertasiya ilə tanış olduqdan sonra, mənim müdafiəmə icazə verilməsinə Mərkəzi Komitənin bürosunda baxıldı və bununla əlaqədar müvafiq qərar qəbul edildi. Beləliklə, mən dissertasiyamı çap etdirib elmi şuraya təqdim etdim və mənə birbaşa geologiya-mineralogiya elmləri doktoru adı verildi» Ələşrəf müəllimin bu sözləri onun həyatından qısa bir
epizoddur və bu günə qədər də mənim xatirəmdədir.

Ələşrəf müəllim çox məharətli, dinləyicilərin diqqətini özünə cəlb etməyi bacaran bir natiq idi. Mən dəfələrlə Elmi şuralarda, Beynəlxalq və Ümumittifaq simpoziumlarda, konfranslarda, konqresslərdə Ələşrəf müəllimin çıxışlarını dinləmişəm. Onun dolğun, məntiqi və inandırıcı çıxışları dinləyiciləri heyran edərdi. Ələşrəf müəllim sözün əsl mənasında «Ağsaqqal» idi.

Ələşrəf müəllimin həyat və fəaliyyəti böyük bir tarixi şəxsiyyətin, dünyaşöhrətli görkəmli alimin, xeyirxah və qayğıkeş insanın tarixi simasıdır. Onun əbədi xatirəsi daima yaşayacaqdır. Allah ona rəhmət eləsin.

Akif Əliyev

Beynəlxalq mineral ehtiyatları akademiyasının həqiqi üzvü,

Dövlət mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor