Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

Görkəmli iqtisadçı alim, müdrik ağsaqqal

Qorxmaz Cahangir oğlu İmanov 1941-ci il aprelin 17-də Bakı şəhərində anadan olmuşdur. 1964-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin İqtisad fakültəsini (indiki BDU) bitirmişdir. Elə həmin il Azərbaycan SSR Elmlər  Akademiyasının Kibernetika İnstitutunda İqtisadi-riyazi üsullar ixtisası üzrə aspiranturaya daxil olmuş və SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutuna (MİRİ) ezam edilmiş, 1968-ci ildə həmin institutda namizədlik dissertasiyası müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1968-1969-cu illərdə o, Kibernetika İnstitutunda  kiçik elmi işçi vəzifəsində çalışmış, 1969-1971-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun İqtisadi Kibernetika kafedrasının baş müəllimi və dosenti vəzifələrində işləmişdir. 1971-ci ildə Kibernetika İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır. 1972-1974-cü illərdə MİRİ-nin doktoranturasını keçərək, 1975-ci ildə orada doktorluq dissertasiyası müdafiə etmiş və iqtisad elmləri doktoru alimlik dərəcəsi almışdır.

O, 1974-cü ildə Kibernetika İnstitutunda Makroiqtisadi sistemlərin optimallaşdırılması laboratoriyasını yaradaraq ona rəhbərlik etmişdir.

Həmin şuranın fəaliyyəti dövründə onlarla azərbaycanlı, gürcü, özbək, tatar, moldovan, türkmən, ərəb, rus və digər  xalqların gənc nümayəndələri namizədlik dissertasiyası müdafiə etmişdir. O, respublikada iqtisadiyyatın riyazi üsul və modellərlə tədqiq olunması sahəsində məktəb yaratmış, 28 elmlər namizədi, 2 elmlər doktoru yetişdirmişdir. 1983-cü ildən professordur. 1984-cü ildən Azərbaycan Respublikası Dövlət Mükafatı laureatıdır. 

Qorxmaz İmanov Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun Fuzzy iqtisadiyyat laboratoriyasının rəhbəridir. 

Qorxmaz İmanov iqtisadiyyatda riyazi və instrumental metodlar sahəsində aparıcı alimlərdən biridir. Onun rəhbərliyi ilə Azərbaycanda iki elmi məktəb: Makroiqtisadi sistemlərin modelləşdirilməsi (1974) və Fuzzy iqtisadiyyat (2003) yaradılmışdır. O, 160-a yaxın elmi əsərlərin müəllifidir ki, onlardan 40-ı dünyanın 15 ölkəsində çap olunmuşdur. Müəllifin 6 monoqrafiyası nəşr olunmuşdur. Alim və mütəxəssislər tərəfindən yüksək dəyərləndirilən əsərləri sırasında «Müttəfiq respublikanın xalq təsərrüfatının planlaşdırılması modelləri» (1977), «İqtisadi sistemlər modelləri» (1983), «İqtisadi proqnozlaşdırma modelləri» (1988), «Azərbaycanın sosial-iqtisadi inkişaf modelləri» (müştərək, 2001), «Müasir iqtisadiyyat, neyron şəbəkələr, fuzzy məntiq» (müştərək, 2003), «Sovet İttifaqının dağılmasının iqtisadi nəticəsi» (müştərək müəllifli, Vaşinqton, 1993) «İqtisadi qeyri-müəyyənlik problemləri və fazi modellər» (Bakı, «Elm», 2011) göstərmək olar.

 Qorxmaz İmanov 1987-1993-cü illərdə Dövlət Plan Komitəsinin, sonralar İqtisadiyyat Nazirliyinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun direktoru  vəzifəsində çalışmışdır. 1993-1998-ci illərdə Moskvada, Rusiya Elmlər Akademiyasının Bazar İqtisadiyyatı Problemləri İnstitutunda aparıcı elmi işçi kimi çalışmış, eyni vaxtda müxtəlif xarici şirkətlərin məsləhətçisi olmuşdur.

Qorxmaz İmanovun «İnteqrallaşdırılmış balans modelləri və müttəfiq respublikaların struktur-funksional modeli» işi 1976 və 1982-ci illərdə keçmiş SSRİ Elmlər Akademiyasının vacib nəticələr siyahısına daxil edilmişdir.

Elm və Texnika Komitəsinin tapşırığı ilə 1999-2000-ci illərdə Q. İmanov tərəfindən  yerinə yetirilmiş «Azərbaycanın sosial-iqtisadi inkişafının modelləri» mövzusundakı elmi-tədqiqat işi mütəxəssislər tərəfindən müsbət  qiymətləndirilmiş və ARETK işi iqtisadiyyat sahəsində istifadə etmək üçün İqtisadiyyat Nazirliyinə göndərmişdir. Onun əsərləri keçmiş SSRİ-nin əksər respublikalarında, habelə ABŞ, Türkiyə, Avstraliya, Polşa, İtaliyada çap olunmuş və o, beynəlxalq konfranslarda məruzələr etmişdir. Q. İmanov Rusiyada MİRİ-nin nəzdində yaradılmış N.P.Fedorenko adına  «İqtisadi-riyazi üsullar» fondunun təsisçilərindəndir və hazırda fondun vitse-prezidentidir. Onun elmi əsərlərinə akademiklərdən N.P.Fedorenko, S.S.Şatalin, N.Y.Petrakov, N.N.Moiseyev və başqaları müsbət qiymət vermişlər. O, xarici ölkələrdə elmi yaradıcılıq təcrübəsi keçmiş, dünyanın tanınmış iqtisadçı alimləri ilə dostluq əlaqələri yaratmışdır. Belə ki, 1980-ci ildə ABŞ-da elmi yaradıcılıq ezamiyyətində olarkən Merlen Universitetinin (Vaşinqton şəhəri) professoru Varren Fillips, Dyük Universitetinin professoru Tomas Neylor, Meylor Universitetinin professoru İlker Baybars, Texas Universitetinin professoru Abraham Çarnes, Nyu York Universitetinin professoru Vasili Leontyev (iqtisadiyyat üzrə Nobel mükafatı laureatı), Massaçusets Texnoloji İnstitutunun (Boston) professoru C.Forrestor (iqtisadiyyat üzrə Nobel mükafatı laureatı), Karneqi-Melon Universitetinin (Pitsburq şəhəri) professoru Meylor ilə görüşərək elmi diskussiyalar aparmışdır. 1990-cı ildə ABŞ-ın Miçiqan Universitetinin (Detroyt şəhəri) dəvətilə həmin universitetdə və Vayn Dövlət Universitetində «Azərbaycan iqtisadiyyatı və modelləşdirmə problemləri» mövzusunda məruzə  etmişdir.

2007-ci ildən professor Lütfi Zadənin məsləhəti və köməyi ilə beynəlxalq fuzzy iqtisadiyyat assosiasiyasının və İspaniya Kral İqtisadiyyat və Maliyyə akademiyasının prezidenti professor Xil Aluxa ilə birgə tədqiqat işləri aparmışdır. Apardığı tədqiqat işləri Avropanın məşhur “Fuzzy İqtisadiyyat”, “Maliyyədə qərarqəbuletmə” jurnallarında, İspaniya Kral İqtisadiyyat və Maliyyə akademiyasının məcmuələrində, Fransada “Modelləşdirmə və imitasiya”, “Müasir Rusiyanın İqtisadiyyat Elmləri” jurnallarında çap olunmuşdur.

Qorxmaz İmanov  2011-ci ilin fevral ayında İspaniya Kral İqtisadiyyat və Maliyyə akademiyasının qızıl nişanı ilə təltif edilmişdir.

Qorxmaz İmanov müasir Azərbaycan iqtisad elmini dünyanın hər hansı inkişaf etmiş ölkəsində ləyaqətlə təmsil edən ziyalıdır, onun güclü məntiqi var. Qorxmaz adı sosial-iqtisadi inkişafın dinamikası, bu dinamikanı təmin edən amillərin  ayrı-ayrılıqda rolunun müəyyən edilməsilə əlaqədar hesabatlar, mülahizələrdə diqqəti cəlb edir və onun aldığı  mükafat ən nadir, ən böyük  alimlərdən biri – Lütfi Zadənin məsləhətləri ilə dərin araşdırmalar aparmasıdır. Bu gün Azərbaycan iqtisad elminin bəşəri iqtisad elminin tərkib hissəsinə çevrilməsində Qorxmaz İmanov kimi alimlərimizə ciddi ehtiyac var. Qorxmaz mübariz adamdır, elmdə prinsipiallığı ilə fərqlənir. Qorxmaz elmə təsadüfi yollarla gələn insanlara qarşı barışmaz mövqedədir. Ona görə də, iqtisadçılar arasında ona böyük hörmət, izzət var.

Xatırlayıram, Qorxmaz müəllim mənim  böyük qardaşım Şamillə çox yaxın dost idilər. Onların birgə etdikləri söhbətlər, görüşlər, müzakirələrdə toxunduqları məsələləri konkretləşdirməyə, dəqiqləşdirməyə ehtiyac  yoxdur, həm də bu, vaxt aparar. Bu görüşlər həmişə yaddaqalan olub. Qorxmaz müəllimlə qardaşım Şamil çox  etibarlı dost olublar, onların dostluğuna çoxları qibtə edə bilərdi. Çox təəssüf ki, Şamilin qəfil ölümü onların dostluğuna da son qoydu…

Qorxmaz müəllim xoşbəxt insandır.  Onun gözəl ailəsi var. Xanımı böyük bəstəkarımız Süleyman Ələsgərovun yadigarıdır. İki istedadlı övladı var – Tahir və Cabir. Yəqin ki, bu iki ad çoxlarına tanışdır. Yüz minlərlə ailəyə sevinc, gülüş bəxş edən bu  istedadlı gənclər «Bakılı oğlanlar» («Parni iz Baku») Şən və Hazırcavablar Klubunun tanınmış iştirakçılarıdır. Mən deyərdim, Qorxmaz müəllim Azərbaycan iqtisadiyyatının inkişafına etdiyi töhfələr kimi, öz xalqına, mədəniyyətinə də bu iki övladı bəxş etmişdir. Bu baxımdan o, xoşbəxt ailə başçısıdır.

Biz Qorxmaz müəllimin 70 yaşını bağda qeyd etdik. O, bizə böyük fəxrlə, qürur hissi ilə həyətdəki səliqə-sahmanı göstərdi və qeyd etdi ki, bütün bu gözəlliyi oğlu Cabir yaradıb. Bu balaca həyətdə qorunub yaşadılan tarixi ənənələrin həm də müasirliklə səsləşməsi bu ailədə övladlara verilən tərbiyənin, aşılanan zövqün təcəssümüdür.

Mən əziz dostum Qorxmaza cansağlığı, uzun ömür, yaradıcılıq uğurları arzulayıram.  

Allah onu qorusun!

Akademik Ziyad SƏMƏDZADƏ

 

«İqtisadiyyat» qəzetinin yaradıcı kollektivi də bu təbrikə qoşulur,

görkəmli alimi 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir.