Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

60 illik şərəfli ömür yolu

      İkinci dünya müharibəsi başlamazdan bir neçə il əvvəl Azərbaycanın dilbər guşələrindən biri olan Şirvan elinin Ağsu rayonunun Gəgəli kəndində Əlişah kişi Tükəzban  xanımla  xoşbəxt ailə qurmuş və Təbriz adlı bir övlad da dünyaya gətirmişlər. Müharibə başlayanda Əlişah kişi minlərlə azərbaycanlı oğulları sırasında orduya çağırılmış və şərəflə öz vətəndaşlıq borcunu yerinə yetirmişdir. Müharibə illərində Tükəzban  xanım öz körpəsini böyütməklə yanaşı, arxa cəbhədə  ordumuzun qələbəsi naminə  tələb olunan işlərdə namusla çalışmışdır. Faşizm üzərində qələbədən sonra  Əlişah Əliyev  öz doğma rayonuna qayıtmış, dinc quruculuq işlərində fəal iştirak  etmişdir. Ulu Tanrının qisməti  ilə onun daha dörd oğul və bir qız övladı dünyaya gəlir. Ağsu rayon Partiya Komitəsində instruktor, sonradan baş aqronom və kolxoz sədri vəzifələrində çalışan Əlişah kişi bütün övladlarının ali təhsil almasına çalışdığı zaman ağlına belə gətirməzdi ki, onun övladlarından biri respublikamızın sayılıb-seçilən iqtisadçı-alimlərindən biri olacaqdır. O, mənim dostum, həmkarım və uzun illər bir ali məktəbdə çalışdığımız Mahir müəllimdir.

            Azərbaycan Dövlət Neft Akademiyasının «Yanacaq-enerji kompleksi sahələrinin iqtisadiyyatı və menecment» kafedrasının dosenti, iqtisad elmləri namizədi Mahir Əlişah oğlu Əliyev 1951-ci ilin aprel ayının 11-də anadan olmuşdur. Mahir Əliyev 1968-ci ildə  Azərbaycan Neft və Kimya İnstitutunun (indiki  Dövlət Neft Akademiyasının) mühəndis-iqtisad fakültəsinə daxil olmuş və 1973-cü ildə həmin institutu müvəffəqiyyətlə bitirərək iqtisadçı-mühəndis ixtisasına yiyələnmişdir. Ali məktəbi bitirdikdən sonra o, təyinatla o vaxtkı Azərbaycan Respublikası Maddi-Texniki Təchizat Komitəsinə göndərilmiş və orada  çalışdığı 5 il ərzində sıravi iqtisadçı vəzifəsindən plan-iqtisad şöbəsinin müdiri vəzifəsinədək yüksəlmiş və xeyli təcrübə toplamışdır. Mahir müəllimin elmə həvəsi onu təhsil aldığı  ali məktəbin aspiranturasının əyani  şöbəsinə daxil olmağa sövq etmiş  və aspirantura dövründə  08.00.05 – «Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi» ixtisası üzrə «Azərbaycanın kimya  və neft-kimya sənayesində istehsalın rentabelliyinin yüksəldilməsi ehtiyatları» mövzusunda iqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün yerinə yetirdiyi dissertasiya işini 1984-cü ildə D.Bünyadzadə adına  Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) nəzdindəki  İxtisaslaşdırılmış Elmi Şurada  müdafiə etmişdir. Onun elmi işinə həmin dövrlərdə  iqtisadçılar arasında dərin hörmət və nüfuza malik Pamir Məmmədov rəhbərlik etmişdir.

      Keçən əsrin 70-80-ci illərində tədqiq edilən  sahə və seçilmiş ixtisas üzrə respublikamızda  mövcud olan alim qıtlığı Mahir müəllimin dissertasiya işinin birinci rəsmi opponenti kimi Rusiya Federasiyası və Başkordstan Respublikasının  əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Yuri Malışovun təyin edilməsini şərtləşdirmiş, həmin illərdə neft emalı sənayesinin aktual iqtisadi problemləri ilə məşğul olan Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri Beykəs Xıdırov onun ikinci opponenti təyin edilmişdir. SSRİ-də aparılan yenidənqurma, özü-özünü maliyyələşdirmə və s. bu kimi iqtisadi mexanizmlərin  həyata keçirildiyi bir dövrdə rentabellik probleminə  həsr edilmiş dissertasiya işinin mövzusu çətin olsa da, Mahir müəllim Müdafiə Şurasında  tədqiq edilən və İttifaq Nazirliklərinin  tabeliyində olan kimya və neft-kimya  sənayesində  rentabellik göstəricisinin hesablanmasının vacibliyini  əsaslandırmış və az keçmədən SSRİ-nin Ali Attestasiya Komissiyasının yekdil qərarı ilə  ona alimlik dərəcəsi verilmişdir. Mahir müəllim yerinə yetirdiyi dissertasiya işinin mövzusu üzrə o dövr üçün çox da xarakterik olmayan 10 iri həcmli elmi məqaləsini  ən nüfuzlu jurnallarda nəşr etdirmişdir. Həmin məqalələrdə tədqiq edilən  problemin metodiki aspektlərinə üstünlük  verilmiş və hətta riyazi-iqtisadi aparatdan istifadə  olunmuşdur. Namizədlik dissertasiyasının  müdafiəsindən cəmi iki il sonra 35 yaşında  ikən Mahir müəllim dosent vəzifəsinə irəli çəkilmiş və bu vaxtadək həmin vəzifədə şərəflə çalışır. Mahir müəllim uzun illərdir ki, çalışdığı  kafedrada müdir müavini vəzifəsini ictimai əsaslarla icra edərək, bir təşkilatçı kimi formalaşmışdır. O, uzun illərdir ki, fakültə-tələbə elmi cəmiyyətinin sədri vəzifəsində çalışır. Onun rəhbərliyi  altında çoxsaylı tələbə və magistrantlar elmi-praktiki konfranslarda iqtisadiyyatın ən aktual  problemləri mövzusu ilə çıxış etmiş və onlardan təxminən 20 nəfəri  I dərəcəli  Diploma və Beynəlxalq Şirkətlərin mükafatlarına layiq görülmüşlər.

      Mahir müəllim 70-dən çox elmi əsərin, o cümlədən 10 metodiki tövsiyənin  müəllifidir. Onun tərtib etdiyi çoxsaylı  fənn-baza  proqramları tədris prosesində istifadə edilir. Yubilyarın «Bazar iqtisadiyyatının formalaşmasının əsasları», «Qulluqçuların əməyinin təşkili və normalaşdırılması», «Əmək ehtiyatlarının idarə edilməsinin səmərəliliyi», «Xarici iqtisadi fəaliyyətin əsasları» və digər monoqrafiya və dərs vəsaitləri uzun illərdir ki, tələbələrin, magistrantların və aspirantların, eləcə də gənc müəllimlərin masaüstü kitabına çevrilmişdir.

      Elmi-pedaqoji fəaliyyəti dövründə Mahir müəllim 15 namizədlik dissertasiyasının opponenti olmuş və uzun illərdir ki, ADNA-da, ADİU-da, İnşaat və Memarlıq Universitetində  Müdafiə Şuralarının və Elmi Seminarların fəal üzvü kimi fəaliyyət göstərir.

      O, məsul icraçı kimi bir çox  təsərrüfat hesablı elmi-tədqiqat işlərinin, eləcə də  çalışdığı kafedrada büdcə xarakterli  elmi işlərin yerinə yetirilməsində öz bilik və  bacarığını nümayiş etdirmişdir. Mahir müəllim bir çox respublika və beynəlxalq miqyaslı konfranslarda  məruzə ilə çıxış etmişdir.

      O, daim elmi  axtarışdadır. Artıq «Azərbaycan Respublikasının kimya və neft-kimya sənayesində istehsalın səmərəliliyinin yüksəldilməsi problemlərinin həlli yolları» mövzusunda doktorluq dissertasiyasını tamamlamaq ərəfəsindədir.

      Mahir müəllim mehriban ailə başçısı və üç övlad atasıdır. Övladlarının boya-başa çatmasında, ali təhsil almasında və həyatda mövqelərinin möhkəmləndirilməsində öz əməyini əsirgəmir.

       Mahir müəllim fakültənin əməkdaşları, tələbə və magistrantları arasında böyük nüfuza malikdir, onlara köməklik göstərmək, məsləhət vermək işində öz vaxtını və əməyini əsirgəmir.

      Tanınmış iqtisadçı-alim, tələbkar və qayğıkeş müəllim, mehriban və səmimi insan olan dosent Mahir Əliyevi Azərbaycan elmi-pedaqoji ictimaiyyətinə sevdirən məhz həmin keyfiyyətləridir. Ona Ulu Tanrıdan uzun ömür, cansağlığı və bundan sonrakı elmi-pedaqoji  fəaliyyətində müvəffəqiyyətlər  arzulayırıq.

Tərbiz Əliyev,

iqtisad elmləri doktoru, professor,

Beynəlxalq İnformasiya və EKO-energetika

Akademiyasının həqiqi üzvü