Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

TANIMADIĞIMIZ FRANSA və ya Fransa həmvətənlərimizin gözü ilə

 Dünya gör-götür dünyasıdır. Hamı kimi biz də yaxşı nə varsa, görüb-götürməyə çalışırıq. Bunun üçün isə başqa ölkələrin təcrübəsini öyrənir, yaxşını özümüzə uyğun tətbiq edirik.

Bugünkü qonaqlarımız bir neçə il Fransada yaşamış, Azərbaycan diasporunun nümayəndələrindən biri Fatma xanım Çəndirli, onun qızı Fidan xanım və iqtisadçı-alim Elşad Səmədzadədir.

Fatma Çəndirli.   (Fatma xanım Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi qızıl medalla bitirərək, təhsilini Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində davam etdirmişdir. Lenin təqaüdçüsü olmuş, universiteti bitirdikdən sonra elə orada müəllim işləmiş, namizədlik dissertasiyası müdafiə etmişdir. Ailə vəziyyəti ilə əlaqədar bir müddət Fransada, sonra Rusiyada yaşamışdır. Ailəlidir, qızı iqtisadçı, oğlu hüquqşünasdır. Hər ikisi xaricdə təhsil alır. Fatma xanım Çəndirlinin hobbisi musiqi və səyahət etməkdir. Dünyanın bir çox ölkələrində olmuş bu gülərüz, həmişəcavan, mehriban xanım Azərbaycan və rus dillərindən başqa ingilis və fransız dillərini də mükəmməl bilir. Hal-hazırda Bakıdadır, biz də fürsətdən istifadə edib onu redaksiyaya dəvət etdik.)

Elşad Səmədzadə: Fatma xanım, biz sizi yenidən Vətəndə görməkdən böyük məmnunluq hissi keçiririk! Sizin və timsalınızda Fransada çalışan, təhsil alan soydaşlarımızı salamlayır və uğurlar diləyirik. Fransada olduğunuz müddətdə faydalı, maraqlı nə götürə bilmisiniz?  Gördüyünüz cazibəli nələr barədə danışa bilərsiniz?

- Əvvəla, məni redaksiyaya dəvət etdiyiniz üçün öz minnətdarlığımı bildirirəm. Fransa barədə isə danışarkən, hər şeydən əvvəl, açıq cəmiyyət olduğunu vurğulamaq istərdim. Fransa tarixən dünya təcrübəsindən faydalanan, görüb-götürən, inkişaf edən ölkədir.

Fransa ilə tanışlıq hər bir turist üçün hər yerdə olduğu kimi, aeroportdan başlayır. İlk dəfə bu ölkəyə gələrkən məni onların yüksək mədəniyyəti təəccübləndirdi. Aeroportda bizi qəbul edən, xidmət edən insanların dilindən ilk eşitdiyimiz söz «bonjur» oldu. Sonra hər yerdə, avtobusa minərkən, mağazaya girərkən, restoranlara, kafelərə gələrkən də eşitdiyimiz söz  «bonjur» ifadəsi idi. Hətta bir dəfə avtobusda sürücü fransızca mənə nə isə dedi. Düzü, əvvəl başa düşmədim onun dediyini, sonra bir də soruşanda dedi ki, xanım, bağışlayın ki, mən sizi avtobusa minərkən görmədim, salam vermədim… Bax, Fransada olduğum müddət ərzində mən orada bir kobud söz eşitmədim, yüksək xidmət mədəniyyətinin şahidi oldum.

Biz orada müxtəlif cəmiyyətlərdə olurduq. Xarici işlər nazirinin həyat yoldaşının rəhbərlik etdiyi «Fransaya xoş gəlmisiniz» cəmiyyəti xaricdən gələn bütün vətəndaşlar üçün açıqdır. Artıq burada nazirlər dəyişəndə də onların xanımları bu vəzifəni (cəmiyyətə sədrlik) bir-birinə ötürürlər. Cəmiyyət könüllülərdən ibarətdir. Bunlar müəyyən müddət xaricdə yaşayan, o mühiti qoruyub saxlamağa çalışan insanlardır. Cəmiyyətin üzvləri elə şərait yaradırdılar ki, xarici vətəndaşlar Fransanı «içəridən» tanısın, daha yaxından öyrənsinlər. Cəmiyyət daxilində 100-ə qədər qrup - dərnəklər fəaliyyət göstərir. Bunların hərəsində 3 təşkilatçı olur. Maraqlıdır ki, bu qruplardan biri bizi Fransanın institutları (təşkilatları) ilə tanış edirdi. Onu da qeyd edim ki, bu institutlarla belə yaxın tanışlıq hər fransıza da nəsib olmur. Yadımdadır, bu institutlardan biri – Fransanın Mərkəzi Bankı ilə tanışlıq zamanı bizi liftlə 30 metr yerin altına düşürdülər. Burada Fransanın qızıl-valyuta ehtiyatları saxlanır. Mən birinci dəfə idi şokolad plitkasına oxşayan 1 kiloqramlıq qızıl külçələri görürdüm.

Fatma xanım: - Bankda bizə danışdılar ki, Hitlerin 1939-cu ildə Polşadan gətirdiyi qızıl-valyuta ehtiyatları da bu bankda saxlanırmış. Sonra bunları Polşaya qaytarıblar.

Elşad Səmədzadə: - Çox yaxşı. Görəsən, Azərbaycanın İsveçrədə qalan qızıllarını da qaytara biləcəyikmi?

Fatma xanım: - Mən bu məsələ ilə bağlı bir daha o cəmiyyətin yaranması haqqında danışmaq istərdim. Deməli, 25 il bundan əvvəl xarici işlər naziri Mərakeşdə Fransanın səfiri olduğu zaman onun xanımı Mərakeş xanımları ilə bir cəmiyyət yaradıbmış. Bu cəmiyyət iki xalq arasında ünsiyyət, ikitərəfli, mədəniyyətlərarası dialoq rolunu oynayırdı. Bu ailə Fransaya gələndən sonra da bu ənənəni davam etdirərək, belə bir cəmiyyət yaratmaq fikrinə düşürlər.

Fidan xanım: - Mən Fransada bir cəmiyyət haqqında da danışmaq istəyirəm. Bu, «Dəyirmi masa» təşkilatı idi.  Cəmiyyətin gündəliyində müxtəlif mövzularda söhbətlər, müzakirələr olurdu. Yadımdadır, «Toylar» mövzusu üzrə söhbətlər zamanı «Sizin ölkədə toy adətləri» kimi suallar da qoyulurdu. Bundan başqa maraqlı mübahisələr olurdu, məsələn, hər hansı ölkədə milli geyimlər, yeməklər, milli musiqi, milli adət və ənənələr və s.  Biz əvvəllər elə bilirdik ki, dolma bizim milli yeməkdir. Amma Fransada livanlıların, misirlilərin, hətta yunanların da dolma bişirdiklərinin şahidi olduq. Əlbəttə ki, bu bizim üçün çox maraqlı idi. Onu da qeyd edim ki, livanlılar, əlcəzairlilər də çox gözəl paxlava hazırlayırlar.

Fatma xanım: - Bilirsiz, mən Fransada olanda başa düşdüm ki, mədəniyyətlərimizdə bir ortaqlıq olub. Məsələn, kərkük mahnıları bizim mahnılara o qədər bənzərdir ki, hərdən ayırd etmək olmur. Və yaxud götürək «Dədə Qorqud» dastanını. Demək olar ki, müsəlman ölkələrinin mədəniyyətlərində müəyyən ortaqlıqlar olmuşdur. Bu başqa cür ola da bilməzdi, çünki, bu xalqlar təmasda olublar, bir-birinə yaxın olublar.

Parisdə «Budda bar» deyilən bahalı bir restoran var. Klub sistemli bu restoranın diskləri çıxıb, İnternet saytı var. Maraqlıdır ki, bu saytı açanda balabanda Ələkbər Tağıyevin «Sən gəlməz oldun» mahnısını dinləyirik.

Elşad Səmədzadə: Burada bir şey yadıma düşdü. Hacı Zeynalabdin Tağıyev Parisdə olarkən bir restorana gəlir. Xidmətçinin ona qarşı laqeydliyini görüb, restoranın sahibini çağırıb  bir masanın gündəlik gəlirini soruşur. Bir masanın 100 illik gəlirini öyrənib onu ödəyir və deyir ki, 100 il ərzində bu restorana azərbaycanlılar gəlsə, onlara pulsuz qulluq göstərin… Fatma xanım, Siz o restoranın yerini bilmirsiniz?

Fatma xanım (gülə-gülə) – Yox, bilmirəm.

Elşad Səmədzadə: - Yaxşı, gəlin bu məsələni çox açıqlamayaq. Oxucularımız maraqlansalar, özləri tapar.

Fidan xanım: - Bizdə yanğınsöndürən adi peşədirsə, Fransada onlara qəhrəman kimi baxırlar və onlar nəinki yanğın söndürür, həm də ilk tibbi və təcili yardım göstərir, hadisə yerlərinə gedirlər. Bir növ onlar xilasetmə dəstələridir.

Fatma xanım: - Mən bizim fransızlar və Fransa haqqında təsəvvürlərimiz barədə qeyd etmək istərdim. Fransızlar barədə bizdən soruşanda, hər şeydən əvvəl Mirey Matye, Jan Mare, Lui de Fünes, Alen Delon, Pyer Rişar, Jan Pol Belmondo,  Patrisiya Kaasın adlarını çəkirik. Lakin müasir Fransada çox dəyişikliklər baş verib. İndi biz həmin aktyorların, müğənnilərin adını çəkəndə, onlar deyir ki, siz Fransanı tanımırsız. Doğrudan da, bizim təsəvvürlərimiz Fransa və fransızlar haqqında cüzidir. Bu gün Fransada yeni cərəyanlar inkişaf edir.

Elşad Səmədzadə: - İsveçrədə xalqın xarakteri ilə iqtisadi strukturunun bağlılığı nəzərə çarpır. Onlara dəqiqlik, təhlükəsizlik və sabitlik xasdır. Dəqiqlik – saatlarda, təhlükəsizlik təyyarə istehsalında, yanğınsöndürmə avadanlığında, sabitlik bank və sığorta sistemində özünü göstərir. Bəs Fransada bu bağlılıq necə, varmı?

 Elşad Səmədzadə: - Fransızlar öz tarixlərinə necə yanaşırlar? Bütün baş verən dəyişmələr nəyin sayəsindədir?

Fatma xanım: - Fransızlar Napoleon Banoparta xüsusi ehtiramla yanaşırlar. Məhz Napoleon hakimiyyətə gəldikdən sonra Fransa çox inkişaf etmişdir.

Fransa inqilabına gəldikdə isə, bu inqilab (1789) kilsəyə qarşı olub. O zaman torpaqların böyük hissəsi kilsəyə məxsus olub, dövlət xəzinəsi o qədər də zəngin olmayıb. Kilsə vergi ödəmirmiş. Burjuaziya öz hüquqlarını ala bilmirdi. Bir səbəb də ilin quraqlıq keçməsi, çörəyin qiymətinin qalxması olmuşdur. Bütün bu tələblərin nəticəsi kralın başının kəsilməsi ilə nəticələnmişdi. Napoleon hakimiyyətə gəldikdən sonra avtoritar rejim olmadan ölkəni idarə etməyin qeyri-mümkün olduğunu dərk etdi. Bu zaman parlamentdə də müzakirələr gedirdi ki, inqilabı silahlı yolla başqa ölkələrə yaymaq lazımdır ya yox. Ordu Fransanın ideyalarını o biri ölkələrə yaymalı idi. Onlar buna inqilabın ixracı deyirdilər. Belə bir fikir vardı ki, komandan müvəffəqiyyət qazanarsa, deməli Fransada da hakimiyyəti güclü olacaq. Belə də oldu. Napoleon qələbə qazana-qazana getmiş və Fransada da hakimiyyəti xeyli müddət saxlaya bilmişdi.

 Elşad Səmədzadə: - yoxsullara münasibət barədə nə deyə bilərsiz?

Fatma xanım: - Fransa inkişaf etmiş ölkədir. Burada əhali arasında təbəqələşmə o qədər də nəzərə çarpmır. Yoxsullara sosial yardımlar edilir. Demək olar ki, dövlət orta və yoxsul səviyyədə yaşayanlara hər cür yardımlar verir.

Elşad Səmədzadə: - Gənclərə münasibət necə, onlar müstəqil həyata tez qoşulurlarmı? Bizim fransız gəncləri haqqında təsəvvürümüz «Elen və uşaqlar» serialı əsasında formalaşıb.

Fatma xanım: - Adını çəkdiyiniz teleserialda çox məhdud şəkildə bir qrup gəncin gündəlik həyatı təsvir olunub. İndi fransız gəncləri sərbəstdirlər, elələri var ki, valideyn himayəsindən tez çıxaraq öz həyatlarını, karyeralarını müəyyən edirlər. Onlarda da bizim kimidir. Gənclər də müxtəlifdir. Bir onu demək istərdim ki, Fransada uşaqların və gənclərin fikirlərinə ailədə çox hörmətlə yanaşırlar.

Elşad Səmədzadə: - Fransa dünya bazarına hansı mallarla çıxır?

Fatma xanım: Fransa yüksək inkişaf etmiş sənaye-aqrar ölkəsi olub, sənaye istehsalının həcminə görə dünyada qabaqcıl yerlərdən birini tutur.

Fransa – dünyanın yüksək inkişaf etmiş nüvə və kosmik qüdrətli dövlətidir. İqtisadiyyatının ümumi həcminə görə Avropa İttifaqında aparıcı yerlərdən birini tutur və sabit olaraq dünyanın birinci onluğuna daxildir.

Fransa iqtisadi tənəzzüldən sonra dirçəlib. Son məlumatlara görə bu ölkənin iqtisadiyyatında 2009-cu ilin ikinci rübündə 0,3 faizlik artım olub.

Fransa iqtisadi siyasətinin ənənəvi xüsusiyyəti – dövlət sektorunun, xüsusilə strateji mühüm sahələrdə - neft-qaz sənayesi, sənaye, nəqliyyat sahələrində payının böyük olmasıdır. Ölkə iqtisadiyyatına planlaşdırma xasdır, lakin o normativ deyil, indikativ xarakter daşıyır. İqtisadiyyatda xarici kapitalın payı böyükdür (sənayedə 40%, daşınmaz əmlakda 27,5%-ə qədər, ticarətdə 20%, xidmət sahəsində 9%). Zəhmətkeşlərin 20%-dən çoxu məhz xarici kapitallı  müəssisələrdə işləyir. İnformatika və qabaqcıl texnologiyaların digər sahələrində xarici kapitalın payı xüsusilə çoxdur (50%-dən artıq).

ÜDM-in böyük hissəsi sənayenin üzərinə düşür – bu, 20% təşkil edir və iş yerlərinin 30%-ni, investisiyaların 40%-ni, ixracın 80%-ni təmin edir.

Fransa xeyli miqdarda faydalı qazıntı ehtiyatlarına malikdir: burada külli miqdarda dəmir filizi və uran yataqları, boksit və kalium duzları vardır. Bu, dağ-mədən və ağır sənayeləri üçün baza yaradır. Əlvan metallurgiyanın inkişaf səviyyəsinə görə ölkə dünya reytinqlərində lider mövqedədir. Belə ki, elə təkcə poladın əridilməsi üzrə Fransa Qərbi Avropa ölkələri arasında üçüncü yerdədir.  Başlıca sahələr aşağıdakılardır: maşınqayırma (dünya istehsalının 2,6%-i), kimya ( dünya ixracatında dördüncü yer), aviakosmik sənaye (Fransa Avropa Kosmik Agentliyində qabaqcıl rola malikdir), avtomobil sənayesi (avtomobil buraxılışı üzrə dünyada üçüncü yer), yeyinti sənayesi (ixrac həcminə görə ABŞ-dan sonra ikinci yerdədir).

Bütün bunlarla yanaşı, Fransa ta qədimdən dəbdəbələri ilə digər ölkələrdən seçilmişdir. Elə indinin özündə də ölkə iqtisadiyyatında mühüm yeri tutmasa da, bu qədim diyarın nüfuzunu, simasını əks etdirən təmtəraqlı, dəbdəbəli əşyaların istehsalı və satışı (bura geyim, zərgərlik məmulatları, parfümeriya və s. daxildir) tutur.

Fransa atom energetikasının inkişafına görə qabaqcıl ölkələr siyahısındadır – enerjinin 75%-i AES-lərdə alınır. 

Kənd təsərrüfatı bu ölkədə dövlət tərəfindən himayə olunan sahələrdən biridir. İstehsal olunan kənd təsərrüfatı məhsullarının həcminə görə Fransa Qərbi Avropada birinci, dünyada isə ABŞ və Kanadadan sonra üçüncü yeri tutur. Fransa Avropanın ən iri buğda, kərə yağı, mal əti, pendirlər (400-dən atrıq növdə) istehsalçısıdır. Məhsulun 50%-dən çoxunu heyvandarlıq verir. Ənənəvi olaraq ixracatda şərabçılığın payı yüksəkdir. Onu da qeyd etmək lazımdır ki, Fransa fermerləri Avropada genetik dəyişilmiş məhsulların tətbiqinin tam əleyhdarlarıdır, belə ki, fransız məhsulları bütün dünyada keyfiyyəti ilə ənənəvi olaraq yüksək qiymətləndirilir.

Fransanın əsas xarici ticarət tərəfdaşları Almaniya, Böyük Britaniya, İspaniya, Belçika və İtaliyadır.

Haşiyə: redaksiyadan

Elşad Səmədzadə: - Fransızların Avropa İttifaqına baxışları barədə nə deyə bilərsiz?

Fatma xanım: - Avropa İttifaqının ideyaları Fransadan və Almaniyadan daxil olub. Yenə də Napoleona qayıdaq. O, həmişə Avropanı birləşdirməyə can atmışdır. İndi həmin ideyaları fransızlar həyata keçirmək arzusundadırlar.

Qeyd etmək yerinə düşərdi ki, martın 9-da Fatma xanımın ad günüdür.

8 Mart Qadınlar günü və ad gününüz münasibətilə Sizi ürəkdən təbrik edirik. Həmişə belə təravətli qalın, Fatma xanim! 

 Söhbəti qələmə aldı:

Yeganə Məmmədova