Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
1-7 noyabr 2018-ci il
44 (1039)
25-31 oktyabr 2018-ci il
43 (1038)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

UNUDULMAZ ALIM

Tarix boyu Azərbaycan xalqının həyatında kənd təsərrüfatının rolu çox böyük olub. Torpaq, kəndli münasibətlərini şairlər də, tarixçilər də, din xadimləri də, filoloqlar da, sərkərdələr də həmişə diqqət mərkəzində saxlamışlar. Xüsusilə vurğulamaq lazımdır ki, aqrar iqtisad elmini çox dəyərli iqtisadçı alimlərimiz təmsil etmişlər. Belə alimlərdən biri də professor İsa Əhmədov idi.

İsa müəllim 1941-ci il iyul ayının 1-də Azərbaycan elminə, mədəniyyətinə neçə-neçə layiqli nümayəndələr bəxş edən Qazax mahalının Qaymaqlı kəndində öz pak əməlləri, vətənpərvərliyi, zəhmətsevərliyi ilə seçilən bir ailədə dünyaya göz açmışdır.

O, öz ağlı və zəkası ilə elm sahəsində müvəffəqiyyətlə irəliləmişdir. İsa Əhmədov 1967-ci ildən Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda kiçik elmi işçi və mühəndis-proqramlaşdırıcı vəzifəsində çalışmışdır. Həmin ildə Ümumittifaq Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutunda “İqtisadi hesablamalarda riyazi üsulların və elektron hesablayıcı maşınların tətbiqi” ixtisası üzrə aspiranturaya daxil olaraq, 1971-ci ildə göstərilən ixtisas üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. O, təyinatla SSRİ Kənd Təsərrüfatı Nazirliyinin Baş Hesablama Mərkəzinə işə göndərilmişdir.

Gənc mütəxəssis olmasına baxmayaraq, özünü dərin tədqiqatçı kimi doğrultmuş və 1972-ci ildən 1979-cu ilə kimi Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutundaİqtisadi tədqiqatlarda riyazi üsullar” şöbəsinin müdiri işləmişdir.

1979-2000-ci illərdə Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasında “İdarəetmə və hüquq” kafedrasının müdiri və elmi işlər üzrə prorektor kimi məsul vəzifəyə irəli çəkildi.

2000-ci ilin iyun ayında Dünya Bankının Kənd Təsərrüfatının İnkişafına Yardım Agentliyində İnformasiya xidməti qrupunun başçısı vəzifəsində çalışmışdır.

İsa müəllimin çox maraqlı və zəngin elmi yaradıcılıq yolu olmuşdur. Mənalı həyatını doğma Azərbaycanımızın elminə və təhsilinin inkişafına sərf etmiş professor İsa Əhmədov respublika iqtisadiyyatının ən mühüm sahəsi olan aqrar-sənaye kompleksinin idarəetmə problemlərinə dair 200-dən çox elmi əsərin, o cümlədən, 8 monoqrafiyanın, 28 kitabçanın, 2 dərsliyin, 6 dərs vəsaitinin müəllifi idi. İsa Əhmədovun 2006-cı ildə “Kənd təsərrüfatının idarə edilməsi” mövzusunda 880 səhifəlik fundamental əsərini təqdirəlayiq hal kimi xüsusilə vurğulamaq lazımdır.

Qeyd edək ki, onun tədqiqatlarını nəzərdən keçirdikcə elmi maraq və fəaliyyət dairəsinin olduqca geniş olduğu dərhal gözə çarpır. Təsadüfi deyildir ki, onun rəhbərliyi ilə 19 nəfər iqtisad elmləri namizədi hazırlanmışdır.

İsa müəllim 1995-ci ildə BMT-nin sosial-iqtisadi Şurasının məsləhətçi üzvü, Beynəlxalq İnformasiologiya Akademiyasının həqiqi üzvü seçilmişdir. O, Akademiya xətti ilə keçirilən “Dünya informasioloqları” müsabiqəsinin qalibi olmaqla xüsusi diploma layiq görülmüşdür.

Dövlət Aqrar İslahat Komissiyasının üzvü olan alimin xidmətlərindən  biri də Aqrar islahatların qanunçuluq əsaslarının və hüquqi-normativ bazasının hazırlanmasında öz dəyərli töhfəsini verməsidir.

İsa Əhmədov Keçmiş SSRİ məkanında, ABŞ-da, Bolqarıstan, Macarıstan, İspaniya, BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının keçirdiyi seminarlarda, elmi konfrans və simpoziumlarda respublikamızı layiqincə təmsil etmişdir.

O, dəfələrlə aqrar islahatların qanunvericilik və hüquqi-normativ əsaslarını öyrənmək məqsədilə Türkiyədə, Avropa ölkələrində ezamiyyətdə olmuş və həmin ölkələrin təcrübəsinin ölkəmizdə tətbiqi istiqamətində böyük səy göstərmişdir.

Onu da qeyd edək ki, İsa müəllim çox güclü elm təşkilatçısı idi.

Alimin Azərbaycan müstəqillik əldə etdikdən sonra apardığı tədqiqatlarda kənd təsərrüfatı sahəsində yeni iqtisadi sistemin formalaşması, milli iqtisadiyyatın inkişaf məsələləri xüsusi yer tuturdu. İsa Əhmədov bu illərdə müstəqil Azərbaycanın azad bazar münasibətləri şəraitində iqtisadi inkişafı, regional iqtisadi siyasət məsələlərinə dair dəyərli əsərlər nəşr etdirən ən məhsuldar alim kimi tanınırdı.

Qətiyyətlə demək olar ki, alimin gərgin və səmərəli fəaliyyətinin, dərin elmi yaradıcılığının ana xəttini Azərbaycan elminə layiqli xidmət təşkil edir. İsa müəllimin apardığı tədqiqatlarda, əsərlərində zəngin təbii sərvətlərə, böyük iqtisadi potensiala malik olan Azərbaycanın daha qüdrətli, güclü dövlətə çevriləcəyinin ön plana çəkilməsi bir daha alimin möhkəm vətənpərvərlik ruhuna köklənməsindən xəbər verir. Çünki alimin gənc nəslin təlim-tərbiyəsində rolu, yetişdirdiyi alimlərə diqqət və qayğısı, elmə, milli-mənəvi dəyərlərimizə, vətən torpağına bağlılıqdan qaynaqlanır.  

Azərbaycanın elmi ictimaiyyəti professor İsa Əhmədovun elmi xidmətlərini yüksək qiymətləndirir. Onun apardığı elmi tədqiqatları, monoqrafiyaları Azərbaycanın aqrar iqtisad elminin inkişafındakı xidmətləri minnətdarlıqla qeyd edirlər.

    Çox təəssüf ki, elm adamları, ziyalılar, onu tanıyanlar İsa müəllimin 70 illik yubileyini onsuz qeyd edirlər. 

 Biz İsa müəllimi uzun illər idi ki, yaxından tanıyırdıq. Cəsarətlə deyə bilərik ki, o, 69 illik ömrünü mənasız yaşamadı. İnsan ömrünün dəyəri gördüyü işlərlə, əməllərlə ölçülür və bu baxımdan onun dünyada mövcudluğundan iz, nişanə qaldı deyə, qənaətimizə əminik. Özünəməxsus elmi yaradıcılıq, şərəfli həyat, gözəl ailə. Bunlar İsa müəllimin qoyub getdikləri, lap dəqiq desək, mirasının qısa şəkildə ifadəsidir. İsa müəllim çox mehriban və xeyirxah insan idi. Təfərrüatlara varsaq, sadalamalı çox şey keçəcək əlimizə. Özü də yalnız yaxşı çalarda...

Ruhu şad olsun!

Akademik Ziyad Səmədzadə,

Azərbaycan Respublikası

Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri

 

Afət Əhmədov

iqtisad elmləri doktoru, professor

 

İslam İbrahimov,

iqtisad elmləri doktoru, professor,

Azərbaycan Yazıçılar Birliyinin üzvü