Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

Xatirələrdə yaşayacaq insan

Haqqında danışacağım insan özünün davranışı, sadəliyi, səmimiliyi və şirin  zarafatları ilə başqalarından seçilərdi. Elə işə münasibətdə də  çoxlarından sözün yaxşı mənasında fərqlənərdi…

O, 1951-ci il fevralın 7-də Zərdab rayonunda ziyalı ailəsində anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra D.Bünyadzadə adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1977-ci ildə həmin İnstitutun maliyyə-kredit fakültəsini müvəffəqiyyətlə bitirib təhsilini aspiranturada  davam etdirmişdir.

Əmək fəaliyyətinə hələ İnstitutda oxuduğu illərdən başlamışdı. Ali təhsil aldığı dövrdə Yerli Sənaye Nazirliyində mühəndis, institutu  bitirdikdən sonra Azərbaycan Tikinti Bankının (Stroybank) N.Nərimanov rayon filialında baş kredit müfəttişi, Azərbaycan Dövlət Kinomatoqrafiya Komitəsində Baş Nəzarət Təftiş İdarəsinin rəisi, Kökə-Maya Kombinatının baş mühasibi, “Xal-Xal” firmasının İcraçı Direktoru vəzifələrində çalışmışdı.

Azərbaycanda artıq yeni bir iqtisadi infrastruktur sahəsi olaraq formalaşmış auditor xidmətinin təşəkkül tapdığı dövrdə Azərbaycan Respublikası Auditorlar Palatasından auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziyanı almış ilk auditorlardan  biri məhz o, olmuşdu. Audit sahəsinə gəldiyi gündən öz fəaliyyəti ilə bu peşənin nüfuzunu yüksəltmək üçün bütün səy və bacarığını əsirgəməzdi. Özünə və ətrafına qarşı işlə bağlı güzəştə getməyi xoşlamazdı. Arxada  danışan, yaltaq adamları görən gözü yox idi. Sözü üzə deməyi sevərdi. Özü demişkən:

 Heç vədə səhv etmir, bilin atalar,

Böyüyün sözünü yadda saxlarlar,

Vaqifin sizlərdən bir xahişi var,

Kimsənin dalınca söhbət etməyin.

Auditorlar Palatasının bütün tədbirlərində fəallığı ilə seçilər, təkliflərlə çıxış edər və nöqsanları tənqid etməkdən çəkinməzdi.

Audit sahəsinə gəlişini özünün dediyi kimi köhnə dostlarının yanına yeni formatda qayıdışı hesab edirdi. Bu dövrdə sanki o, özünü yenidən və yeni keyfiyyətlərlə kəşf etmişdi.

1997-ci il dekabrın 25-də  təsərrüfat subyektlərində qanunvericilik aktlarının tələblərinə riayət olunması, maliyyə və mühasibat uçotunun qurulması, şəffaflığın təmin olunması işinə öz töhfəsini vermək məqsədilə həmfikirləri ilə birlikdə  “RR &VAM-Beynəlxalq” Müstəqil Auditor Firmasını yaradır və onun prezidenti olur. Bu   illər ərzində  rəhbərlik etdiyi firmanı respublikada qabaqcıl auditor firmalarından birinə çevirə bilmişdi.

 İqtisad yönümdə  təhsil alan tələbələr üçün nəzərdə tutulmuş və 2001-ci ildə nəşr olunmuş “Audit” kitabının, 2008-ci ildə isə nəşr olunmuş “Daxili audit” kitabının həmmüəlliflərindən biri olmuşdu.   Onun haqqında 2008-ci ildə nəşr olunmuş "Azərbaycan iqtisadçıları" kitabında məlumat verilmişdi.

O,  kollektiv arasında böyük nüfuz sahibi idi.

Palata rəhbərliyi tərəfindən xidmətləri yüksək qiymətləndirilərək  2007-ci ildə o, Azərbaycan Respublikasının İlk Fəxri Auditoru medalı ilə təltif edilmişdir.

Həmçinin o, bədii yaradıcılıqla da məşğul olurdu.

Özünün dediyi kimi ədəbi yaradıcılıqla məşğul olmaq onun “hobbisi” idi. Bu “hobbi”si ilə o qısa zaman kəsiyində silsilə kitablarla yaddaşımıza yeni tərzdə həkk olundu. Əksər povest və romanlarının süjet xəttini özünün şahidi olduğu, müşahidə etdiyi, bəzən isə birbaşa iştirakçısı olduğu real həyat hadisələri təşkil edir. İlk kitabını çap etdirəndən sonra cəmi yeddi il yaşadı.

 Amma yeddi ildə 12 kitabı üşıq üzü gördü. Elə bil ki, harasa tələsdiyindən idi.

2003-cü ildə “Bağban”, 2004-cü ildə “Oxşar talelər”, 2005-ci ildə “Həsrət”, “Doğmalar”, “Ömrün həzin pıçıltıları”, 2006-cı ildə “Acı həqiqət”, “Qara göz yaşları”, 2007-ci ildə “Tale yolları” və “Fındıqlı kəndinin əhvalatları”, 2008-ci ildə “Sən mənim həyatımsan”, 2009-cu ildə “Eşq kəpənəkləri”, 2010-cu ildə “Onun şirin yuxuları” adlı kitabları işıq üzü gördü, özünə  kifayət qədər oxucu kütləsi tapdı,  sevildi və rəğbətlə qarşılandı.

Sağlığında çap etdirməyə macal tapmadığı “Yarımçıq qalmış ömür” adlı 13-cü  kitabı isə onun ruhunu əziz tutanların səyləri nəticəsində bu günlərdə işıq üzü gördü.

Ailəli idi. İki övladın atası, iki nəvənin babası idi o...

 Vaqifin dünyası sənin boydadı,

Bu dünyada nəvə sevmək qaydadı,

Aytənin sevinci cana faydadı,

Bağımda ən dadlı bəhər balamsan!

Bəhərdən də şirin şəkər balamsan!

İndi bizə kədərlə dolu anlar yaşadan,  barəsində keçmiş zamanda danışmalı olduğumuz insan son iş yeri kimi öz taleyini auditor xidməti ilə bağlamış, ta dünyasını dəyişənədək Azərbaycan Respublikasının Auditorlar Palatası  Şurasının üzvü və “RR &VAM-Beynəlxalq” Müstəqil Auditor Firmasının prezidenti kimi fəaliyyət göstərmiş Vaqif Ağahüseyn  oğlu Ağayevdir.

  ... Sənə necə müraciət etməyi heç cürə kəsdirə bilmirəm. Sənin yoxluğunla barışmaq istəsən də alınmır. Dünyasını son illərdə dəyişmişlərin ruhu məni \  bağışlasın. Səndən danışanda bircə andaca qəhər hissi qəlbimizə hakim kəsilir. Nədən başlamalı. Vaxtsız ölüm hər şeyi yarımçıq qoydu. Bütün qapıları vaxtlı-vaxtsız döyən amansız ölüm.

Sənin barəndə keçmiş zamanda danışmağın bizlər  üçün nə qədər ağır və kədərli olduğunu sözlə ifadə etmək çətindən də çətindir. Özünün dediyin kimi:

 Çarxı fırlandıqca öz işin görür,

Dərdə-dərd gətirir, amansız fələk.

Hərdən bir kor atın daşlığa sürür,

Daş kəsək yağdırır, amansız fələk.

Sənə müəllimmi,  qardaşmı, dostmu, sirdaşmı, əməkdaşmı deyim, ya sadəcə iş yoldaşımmı. Yox bunların arasında seçim etmək səni tanıyan bizlər üçün deyil. Hər şeydən əvvəl yaxşı bir insan, ləyaqətli vətəndaş idin.

Sırf pedaqoji fəaliyyətlə məşğul olmasan da, Palatada auditorlar, auditor təşkilatlarının mütəxəssisləri, həmçinin dövlət və qeyri-dövlət sektorunun nümayəndələri üçün təşkil olunan tədris kurslarında dərs deyərkən yüksək pedaqoji dəyərləri gözləyən müəllim təəssüratı yarada bilirdin. Hamı səni maraqla dinləyərdi.

Doğma qardaş olmasan da bizi özünə doğmalaşdırmağı bacarırdın.

Dostluğa sədaqətdə səninlə rəqabət aparmaq əlçatmaz idi.

Əməkdaşlığa gəlincə istər beynəlxalq səviyyəli, istərsə də yerli səviyyəli tədbirlər olsun, biz sənin Palata Şurasının üzvü olaraq bütün aspektlərdə dəstəyini həmişə hiss edər və  həmişə də yanımızda görərdik.

Palata Şurasında auditor təşkilatlarının təmsilçisi olaraq uzun müddət ta bizi tərk edib haqq dünyasına qovuşanadək  ləyaqətlə təmsil etdin.

Azərbaycan auditinin təşəkkülü, formalaşması və inkişafı yolunda göstərdiyin səylər həmişə geniş şaxəli olmuş, auditor fəaliyyətini tənzimləyən bir sıra normativ sənədlərin, metodiki göstərişlərin layihələrinin müəllifi məhz sən olmusan. Həmin sənədlərdən sərbəst auditorlar və auditor təşkilatları indi də faydalanırlar.

Sənin gözəl keyfiyyətlərini elə, obaya, vətənə bağlılığın tamamlayırdı. Bu hissləri, duyğuları yazmış olduğun əsərlərində dönə-dönə izləmişdik.   Dünyadan niskilli getdin və bu nisgilin zirvəsində Qarabağ fəryadı dururdu. Bir şeirində dediyin kimi:

 Ey bu yurdun igidləri,

Atların getmək vaxtıdır!

Bu torpağa göz dikənin,

Gözünü tökmək vaxtıdır.

Daha bəsdir səbr eylədik,

İlhama! Gəlmək vaxtıdır.

“Vətən sağ olsun” deyərək,

Vaqifə ölmək vaxtıdır.

Övlad həsrəti ilə yanıb,

Gözləri dolan Şuşadır...

Sənin sinəndə Vətənə, el-obaya, ailəyə, övladlarına və nəhayət nəvələrinə dərin məhəbbəti olan şair təbiətli bir ürək döyünürdü. Bu məhəbbəti ürəyindən süzdürərək yazdığın şeirlərinə, povest və romanlarına  hopdurdun qardaş. Sənə keçmiş zamanla müraciət etmək ağırdan-ağırdır Vaqif.  

 Qəbrin təkdir ziyarətə gələn yox,

El köçübdür yurd-yuvada qalan yox,

Sazın susub el havasın çalan yox,

Gəl, ay Dədə, sənə yaman möhtacam.

      Deyirlər qələm əhli Allaha ən yaxın insanlardandır. Sən qələmini həm şeirdə, həm də nəsrdə sınadın. Özü də uğurla heç kəsi təlqin və təkrar etmədən özün duyduğun kimi yazdın. Yazdığın şeirlərinin hər misrasında ürəyinin səsini duymamaq mümkün deyil.

Həmişə də səmimiyyətlə dolu təvazökarlıqla deyərdin, mən nə şairəm, nə də yazıçı, sadəcə həvəskaram. Sənin bu “həvəskar”lığın şeir, povest və romanlarının cəmləşdiyi 12  qalın cildli kitablara çevrildi. Sevənlərin bu  istedadının, yazıb-yaratmaq eşqi ilə dolu  ürəyinin vurğunu idi və hər kitabın işıq üzü görəndə səninlə bərabər ürəkdolusu sevinərdik. İndi kitablarının hamısı rəfimizin ön sırasındadır. Sanki içimizdəki Vaqif yoxluğunun kədərini bir qədər yumşaltmaq üçün.    

Yaşasaydın hələ neçə kitablar ərsəyə gətirəcəkdin...

Heyiflər olsun ki, layiq olduğun ən ülvi sözləri sənə nə əvvəllər sağlığında, nə də indi yoxluğunda tapıb deyə bilirəm. Və yəqin ki, bu da sənin böyük mənəvi dünyanla bağlıdır.

Sənin hamıya xas olmayan bir cəhətə, xüsusiyyətə, dərin duyma qabiliyyətinə  malik olmağını etiraf etməyi özümüzə borc bilirəm.  Bu da sirdaş sandığın insanlara söylədiyin “tez bir zamanda haqqa qovuşacağam” deməyin idi. Çap etdirməyə macal tapmadığın sonuncu kitabının adını da bəlkə elə bu səbəbdən “Yarımçıq qalmış ömür” qoymuşdun. Sanki uca Tanrının səni tezliklə özünün haqq dərgahına aparacağını hiss etmişdin.

Yanaşı oturduğun Palata Şurasının üzvləri və Palata Aparatının əməkdaşları ilə birlikdə sənin arxivdə saxlanılan şəxsi işini və Azərbaycan Auditi sistemində öz yeri olan RR&VAM Beynəlxalq müstəqil auditor firmasının şəxsi işini varaqlayırıq. Kimi göz yaşları içində, kimi kədər dolu baxışlarla. Hamı hüzn içində.  

Sənin Şura iclaslarında, tədbirlərdə çıxışlarının yeri görünür Vaqif!

Keçirilən müxtəlif səpkili tədbirlərdə ürəkdən deyilən, çox zaman bədii ifadələrlə zəngin, ümumi işimizə canyanğısından irəli gələn, bəzən pafoslu, bəzən isə çılğın xarakterinə uyğun emosional çıxışların indi də gözümüz önündədir. Palatada yerin doğrudan doğruya görünür Vaqif!

Oturduğun Şura üzvü stulun uzun müddət boş qaldı. Heç kəs oturmağa ürək etmirdi. Sanki hamı sənin indicə qapını açaraq otağa daxil olacağını gözləyirdi.

Ancaq bu mümkünsüzdü, sən artıq əbədiyyətə qovuşmuşdun…

60 illik yubileyini 2011-ci ilin 7 fevral tarixində səninlə birlikdə təm-təraqla qeyd etməyi planlaşdırırdıq. Fəqət amansız ölüm hər şeyi alt-üst etdi.

İndi sən hamını haçansa, haradasa haqlayan və hamını bərabərləşdirən haqq dünyasındasan Vaqif müəllim.

Bizə isə səndən yadigar qalan şirin xatirələrin, yadigar qoyduğun qalaq-qalaq kitabların, səni sevən yaxınlı-uzaqlı insanlar və tükənməz nisgilin.

Sən ölümünlə sanki ölümlə aramızdakı  çəpəri götürdün. Bu da yəqin sənin ruh adamı olmağındandır.

Təsəllimiz budur ki, Vaqif Lələhmədli ocağında kiçik 3 yaşlı Vaqif Ağayev böyüyür.

Qurduğun ocaq əbədiyaşar olsun. 

Rahat yat qardaşım, ruhun şad olsun, qəbrin nurla dolsun.

Vaqif Ağayevin xatirəsini əziz tutan dostları və iş yoldaşları adından

 

Azərbaycan Respublikası Auditorlar Palatasının

          Auditin tənzimlənməsi, təşkili və şəffaflığın

          təminatı idarəsinin rəisi  Maarif Abbasov