Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

İqtisadiyyatın inkişafına daim  töhfələr verən görkəmli kimyaçı alim

 

Azərbaycanda iqtisad elminin inkişafında  böyük xidmətləri olan,  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kimya elmləri bölməsinin akademik-katibi,  tanınmış akademik, müdrik insan Vaqif Fərzəliyevi 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı, elmi fəaliyyətində uğurlar diləyirəm.

Akademik Ziyad Səmədzadə


 

 

Amerika Birləşmiş Ştatlarının Nobel mükafatına layiq görülmüş görkəmli iqtisadçı alimi Cozef Stiqlitsin Azərbaycan da daxil olmaqla yenicə müstəqillik qazanan respublikalara ünvanlanan, o dövr üçün məşhur bir çağırışı var idi: “O ölkələrin iqtisadiyyatı davamlı və dayanıqlı olacaqdır ki, onun inkişafı elmi əsaslar üzərində qurulacaq”. Bəli, bu gün respublikamızın davamlı və dayanıqlı iqtisadi inkişafı həm də elmi əsaslara söykənməsi ilə bağlıdır. “Bu isə, şübhəsiz, görkəmli alimlərimiz, elm adamlarımızın əməyi ilə də mümkün olub”, - desək yerinə düşər.
Ölkəmizin çoxşaxəli iqtisadiyyatının istər sovet dövründə, istərsə də müstəqillik illərində elmi əsaslar üzərində inkişafında Azərbaycanın görkəmli kimyaçı alimlərinin böyük rolu olmuşdur. Onlardan biri də bu il dekabrın 19-da 80 yaşı tamam olacaq, sözü və əməli ilə əsl alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kimya elmləri bölməsinin akademik-katibi, akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, tanınmış akademik, müdrik insan Vaqif Fərzəliyevdir. O, kimya elminin iqtisadiyyata töhfə verən sahələri - neft kimyası və üzvi kimya sahəsində tanınmış alimdir. Tədqiqat laboratoriyasında kolba qarşısında sıravi aspirantlıqdan görkəmli alim, bacarıqlı elm təşkilatçısı, nadir elmi istiqamətlər üzrə ixtisaslaşmış institut direktoru və daha sonra AMEA-nın akademik-katibi vəzifələrinədək böyük və şərəfli ömür yolu keçmiş alimin tərcümeyi-halı məhz əsl istedadlı və zəhmətsevər ziyalılar üçün səciyyəvidir. Akademik V.Fərzəliyevin səmərəli elmi fəaliyyəti bilavasitə AMEA-da akademik Ə.Quliyevin rəhbərlik etdiyi "Sürtkü yağları və aşqarlar" laboratoriyası və 1965-ci ildə onun əsasında təşkil edilmiş, keçmiş SSRİ-də yeganə olmuş, hazırda da dünyada ixtisaslaşmış azsaylı elm mərkəzlərindən olan AMEA Aşqarlar Kimyası İnstitutu ilə bağlıdır.
Görkəmli akademikin elmi fəaliyyətinin əsas istiqamətini sürtkü yağları, yanacaq və yağlayıcı-soyuducu mayelərə yüksək təsirli aşqarların və onların əsasında yüksək keyfiyyətli yağ, yanacaq və yağlayıcı-soyuducu maye kompozisiyalarının yaradılmasının elmi əsaslarının işlənilməsi təşkil edir. O, yeni aşqarların sintezi, onların funksional təsir mexanizminin və həmçinin tərkib və quruluşlarının effektivliyə təsirinin öyrənilməsi sahəsində sistematik fundamental tədqiqatlar aparmış, saysız-hesabsız mühüm elmi-nəzəri, praktik nəticələr əldə etmişdir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə yaradılmış bir sıra aşqarlar və sürtkü yağları, o cümlədən, xüsusi təyinatlı yağlar sənayedə tətbiq edilərək, əvvəllər Sovetlər İttifaqının, sonra müstəqil dövlətimizin iqtisadiyatına böyük gəlirlər gətirmiş və bu gün də gətirməkdədir. 
Hələ Sovetlər dönəmində Aşqarlar Kimyası İnstitutu tərəfindən yaradılan aşqarların əsasında Sumqayıtda Aşqarlar Zavodu tikilmişdir.
Motor, transmissiya və sənaye yağlarının istehsalını təmin edən bir sıra aşqarlar və onların əsasında yaradılmış müxtəlif təyinatlı sürtkü yağları akademik Ə.Quliyevin və sonradan akademik V.Fərzəliyevin rəhbərlik etdiyi institut tərəfindən yaradılmış və sənaye istehsalı Azərbaycan, Rusiya, Ukrayna və Belarusda təşkil edilmişdir. SSRİ dövründə istehsal olunan aşqarların və sürtkü yağlarının 20%-i AKİ-nin alimləri tərəfindən işlənilmişdir.
Akademik V.Fərzəliyev əməkdaşları ilə birgə ölkənin ilk çoxfunksiyalı təsirə malik polimer aşqarlarını yaratmışdır. Bunlar sürtkü yağlarının eyni vaxtda bir neçə xassəsini, məsələn, özlülük-temperatur, yuyucu-dispersləyici, korroziyaya, oksidləşməyə və yeyilməyə qarşı xassələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Alimin yaratdığı çoxfunksiyalı polimer aşqarlar və onların əsasında işlənilmiş bir sıra motor yağları SSRİ Dövlət Komissiyası tərəfindən istehsala və tətbiqə buraxılmışdır.
V.Fərzəliyev SSRİ EA-nın məsləhətçisi kimi İraq Neft İnstitutunda (1973-1974) və UNESCO-nun məsləhətçisi kimi Hindistan Neft İnstitutunda (1979-1980) aşqarların sintezi, tədqiqi və sürtkü kompozisiyalarının yaradılması elmi istiqamətlərini inkişaf etdirmişdir. O, Azərbaycandan UNESCO-ya məsləhətçi kimi dəvət olunan ilk alimdir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra əvvəlki illərdə respublikamıza kənardan gətirilmiş sürtkü yağlarını əvəz etmək üçün AKİ-də V.Fərzəliyevin rəhbərliyi ilə Bakı yağları əsasında müxtəlif təyinatlı sürtkü yağları yaradılmış və onların istehsalı sənaye və təcrübi-sənaye miqyasında təşkil edilmişdir. Strateji məqsədlər üçün yaradılan bu yağlar, Birinci Qarabağ müharibəsində istifadə olunan texnikanın tələbatının ödənilməsinə yönəldilmişdir.
Son illərdə akademik V.Fərzəliyev tərəfindən fundamental-tətbiqi istiqamətdə aparılan elmi tədqiqatlar nəticəsində mühüm nailiyyətlər əldə edilmişdir. Onun bilavasitə rəhbərliyi ilə yüksək parafinli neftlərin donma temperaturu və dinamik özlülüyünü aşağı salmaqla boru kəmərləri ilə uzaq məsafələrə nəql edilməsini təmin edən aşqar – “Depressator AKİ” yaradılmış və istehsalı institutun nəzdində fəaliyyət göstərən “Aşqar” Elmi İB-də təşkil edilmişdir. “Depressator AKİ” aşqarı hazırda Bakı-Tbilisi-Ceyhan boru kəmərində müvəffəqiyyətlə istifadə edilir.
V.Fərzəliyev tərəfindən respublikada müxtəlif növ texnikada, o cümlədən daxili yanma mühərriklərində istifadə olunmuş və ekoloji gərginlik yaradan işlənmiş yağların regenerasiya texnologiyası işlənilmiş və AMEA-nın Təcrübə-Sənaye Zavodunda tətbiq edilmişdir. İşlənmiş yağların regenerasiya texnologiyası və regenerasiya olunmuş yağ əsasında yaradılmış xüsusi təyinatlı sürtkü kompozisiyası strateji əhəmiyyət kəsb etdiyinə görə “Məxfi” qriflə Azərbaycan patentləri ilə müdafiə olunmuşdur.
Akademik V.Fərzəliyevin rəhbərliyi ilə AKİ AMEA-nın Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən AMEA-nın Təcrübə-Sənaye Zavodunun inkişafı üçün böyük elmi-texniki işlər yerinə yetirmişdir.
Onun təşəbbüsü ilə AKİ bir sıra xarici ölkələrin (Rusiya, İtaliya, Ukrayna, Belarus, Türkiyə, İran, Bolqarıstan) elmi mərkəzləri ilə beynəlxalq əlaqələr yaratmış, dünyanın aparıcı neft şirkətləri (“Lubrizol”, “Shell”, “Unikal-76”) ilə elmi-praktiki əməkdaşlıq etmişdir.
V.Fərzəliyev beynəlxalq fondlar və respublika fondları tərəfindən maliyyələşdirilən bir sıra qrant layihələrinin rəhbəri olmuşdur ki, həmin layihələrin icrasından əldə olunan mühüm nəticələr istehsalatda tətbiq olunur.
Akademik Vaqif Fərzəliyev 800-dən artıq elmi əsərin, o cümlədən 3 monoqrafiya və 1 kitab, 310 məqalə, 350-dən çox tezis, 130-dan çox müəlliflik şahadətnaməsi və patentin müəllifidir. Həmin əsərlər Azərbaycan, Rusiya, Amerika, Böyük Britaniya, Almaniya, Rumıniya, Türkiyə və Hindistanın nüfuzlu jurnallarında dərc olunmuşdur.
Vaqif Fərzəliyev 170-ə yaxın beynəlxalq və ümumittifaq elmi konfranslarda,  simpoziumlarda, seminarlarda və müşavirələrdə məruzələrlə çıxış etmişdir.
Akademik Vaqif Fərzəliyev milli kimyaçı kadrların və alimlərin hazırlanmasına da böyük önəm vermişdir. O, 1987-ci ildən Azərbaycan Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmaqdadır. Ümumiyyətlə, onun yetirmələri arasında 6 kimya elmləri doktoru, 21 fəlsəfə doktoru vardır.
Akademik öz zəngin elmi fəaliyyəti ilə ölkə rəhbəri, cənab İlham Əliyevin “qara qızılı insan kapitalına çevirək” devizinə də öz töhfələri verməkdədir. Onun elmi rəhbəri olmuş akademik Əli Quliyevlə çiyin-çiyinə yaratdığı, sonra da özünün yeni yanaşmalarla formalaşdırdığı “Aşqarlar kimyası” elmi məktəbinin yetirmələri olan onlarla elmlər doktorları, yüzlərlə fəlsəfə doktorları, magistr və bakalavr məzunları ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrində çalışmaqla öz rəhbərlərindən öyrəndikləri bilik və bacarıqları vətənimizin iqtisadi qüdrətinin artmasına sərf edirlər.
Vaqif Fərzəliyev hazırda Neft-Kimya Prosesləri İnstitutunda doktorluq dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşmış şuranın sədri, «Kimya Problemləri» jurnalının baş redaktoru, «Elm dünyası» jurnalının baş redaktorunun müavini; «Azərbaycan kimya jurnalı», «Neft emalı və neft kimyası», “Elm və həyat” jurnallarının və “Azərbaycan Ensiklopediyası”nın redaksiya heyətlərinin üzvüdür. O, həmçinin Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının “Neft kimyası” Elmi şurasının üzvüdür.
Vaqif Fərzəliyevin elm sahəsində xidmətləri böyükdür və bunlara layiqincə qiymət verilmişdir. Kimya elminin inkişafına və elmi-təşkilati fəaliyyəti sahəsindəki böyük uğurlarına görə 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 2007-ci ildə AMEA-nın həqiqi üzvü (akademik), AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi və Rəyasət Heyətinin üzvü seçilmişdir. O, 2008-ci ildən 2013-cü ilə kimi AMEA-nın akademik-katibi vəzifəsində çalışmışdır. 11 iyul 2018-ci ildən yenidən AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsində çalışır.
Bu gün akademik Fərzəliyev böyük zəhmət və məsuliyyət hissi tələb edən iki məsul vəzifədə uğurla xidmət edir. Onun üçün doğma olan Aşqarlar Kimyası İnstitutunun direktorudur. О, institutun elmi işçilərinin səylərini səfərbər edərək aşqarlar kimyası elmini yeni zirvələrə aparır.
Vaqif Fərzəliyevin yüksək səviyyəli elmi, elmi-təşkilati və pedaqoji fəaliyyəti hökumət və AMEA rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. O, “Şöhrət” ordeni və “Şərəfli əməyə görə”, “Əmək veteranı” medalları, “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adı, AMEA-nın akademik Yusif Məmmədəliyev adına mükafatı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin və dəfələrlə AMEA Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif olunmuşdur.
Akademik Vaqif Fərzəliyev həmçinin, Rusiya EA-nın təsis etdiyi “Akademik N.M.Emanuelin xatirəsi” medalı və diplomla, Avropa Birliyi Elm-Sənaye Palatasının “Qızıl” medalı və diplomla, Türkiyənin Firat Univerisitetinin və Hindistan Texnoloji İnstitutunun xatirə medalları ilə təltif olunmuşdur.
Akademik Vaqif Fərzəliyev 2006-cı və 2009-cu illərdə Amerika Bioqrafiya İnstitutu tərəfindən “İlin Adamı-2006” və “İlin Adamı-2009” seçilmişdir.
O, 2018-ci ildə Böyük Britaniyanın Oksford Akademik Birliyinə üzv seçilmişdir.
Çoxşaxəli elmi fəaliyyəti ilə hazırda da yetişməkdə olan elmi gəncliyə əyani nümunə olan akademik Vaqif Fərzəliyevi yubiley yaşı münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı, dünya elmi və Azərbaycan iqtisadiyyatının inkişafı naminə yeni-yeni uğurlu elmi fəaliyyət arzulayırıq.
 
Akademik Dilqəm Tağıyev,
Azərbaycan Mill Elmlər
Akademiyasının vitse-prezidenti