Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

Elm və təhsil fədaisi

“Mən yer üzündə müəllimlikdən yüksək  ad tanımıram”.

Ümummilli Lider Heydər Əliyev

 


 

 

Bu yaxınlarda Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda görkəmli iqtisadçı alim və pedaqoq mərhum Xosrov Şərafəddin oğlu Kərimovun  anadan olmasının 70 illiyi münasibətilə elmi konfrans keçirilmişdir. Mən də bu unudulmaz şəxs, həmkarım Xosrov müəllim haqqında çıxış edərək, öz mülahizələrimi, fikirlərimi və xatirələrimi bölüşdüm. Bu düşüncələrimi hörmətli oxucularla da paylaşmaq istərdim.
Mən Xosrov müəllimin fəaliyyət arealını və palitrasını 4 paradiqmaya və seqmentə bölərdim:
1. Elm;
2. Təhsil;
3. İctimai fəaliyyət;
4. İnsani ünsiyyət və təmas.
“Alim potensialinı dəyərləndirərkən, fitrəti, zəkanı fərqləndirərkən bəsitdən mürəkkəbə qədər  yanaşmalar görərik. Geniş mənada alim anlayışını biliyini sistemli şəkildə artıran istənilən  alimə şamil etmək olar. Elmi cəmiyyətin əsl  nümayəndəsi olmaqla spesifik çərçivədə alim adını elmi metodlar  tətbiq edənlər daşıyırlar. Sivilizasiyanı daha geniş şəkildə irəliyə aparan bu insanlar elmi həqiqətləri – kəşfləri, ixtiraları, modelləri, sistem və innovasiya yanaşmalarını məhz elmi metodun tətbiqindən yaranan sübutlarla gerçəkləşdirirlər. Xosrov Şərafəddin oğlu Kərimov da belə alimlərdən  idi”.Akademik Akif Əlizadə.
O, 100-dən artıq elmi əsərin, o cümlədən bir  çox dərsliklərin, monoqrafiyaların, məqalələrin  müəllifi olmaqla yanaşı, eyni zamanda, ilk dəfə Azərbaycan mütəfəkkirlərinin (İ.Nəsimi, M.Ə.Rəsulzadə) iqtisadi baxışlarını, eləcədə Azərbaycan  Xalq Cümhuriyyətinin iqtisadi platformasını tədqiq etmişdir.
Xosrov müəllim akademik Z.Ə.Səmədzadənin rəhbərliyi altında çapdan çıxan 7 cildlik  Böyük İqtisadi  Ensiklopediyanın yazılmasında  fəal iştirak etmişdir. Hətta bu Ensiklopediyanın III  cildində Xosrov müəllim haqqında məqalə verilmişdir.
  Bakı Dövlət Universiteti və xüsusilə İqtisadiyyat və idarəetmə kafedrası Xosrov müəllimin  yaradıcılıq fəaliyyətinə biganə qalmamışdır.  Belə ki, 2018-ci  ildə kafedra müdiri, professor A.A.Məhərrəmovun  rəhbərliyi altında Xosrov müəllimin elmi və  pedaqoji fəaliyyəti haqqında, ayrı-ayrı  alimlərin, iqtisadçıların, həmkarlarının onun haqqında  fikirlərindən bəhs edən “Elm və təhsil fədaisi” adlı kitab çapdan çıxmışdır. Həmçinin, 2019-cu ildə professor A.M.Məhərrəmovun (X.S.Kərimovun) və H.S.Şamilovanın  müəllifliyi  ilə BDU-nun 100 illiyinə həsr olunmuş “BDU və Azərbaycan iqtisad elmi” adlı  monoqrafiya çapdan çıxmışdır. Qeyd etməliyəm ki,  bu  kitabda əks olunmuş əksər materialların  müəllifi  mərhum Xosrov müəllim olmuşdur. Çox təəssüf ki, Xosrov müəllimin ömrü vəfa etmədi ki, onun  haqqında və onun zəhmətinin bəhrəsi olan bu kitabları görsün.
Böyük İskəndərdən soruşurlar ki, qələbələr üçün kimə borclusan, cavab verir ki, müəllimimə. Süleyman Peyğəmbər isə demişdi: Allah-taala insanı göydən yerə endirib, müəllimi isə yerdən göyə  qaldırır.
* * *
Əgər məndən soruşsaydılar ki, ən şərəfli sənət hansıdır? Mən o zaman iftixarla belə deyərdim: müəllimlik.

(H.Zərdabi)


* * *

Xosrov müəllim, sözün əsl mənasında, müəllim adını uca tutmaqla tələbələrin sevimli müəllimi idi. Mən tələbələrin Xosrov müəllimə olan sonsuz hörmətinin, sevgisinin şahidi olmuşam.  Xosrov müəllimin  tələbələrə münasibəti çox səmimi idi. Doğrudur,  Xosrov müəllim yüksək qiymət yazmaqda bir qədər “xəsislik”  edərdi. Bu da onun biliyə, savada olan  obyektiv münasibətlərindən irəli gəlirdi. Hətta “kəsiri” olan tələbələr belə Xosrov müəllimdən inciməz, əksinə ona hörmət edərdilər.
Qeyd etmək istəyirəm ki, mən Xosrov müəllimi 1985-ci ildən, yəni elm ocağından (Elmlər  Akademiyasının İqtisadiyyat İnstitutundan) bizim kafedraya gələn gündən tanıyıram. O,  elmi müəssisədən gəlməsinə baxmayaraq, universitet mühitinə tez uyğunlaşdı və həm tələbələrin, həm də müəllimlərin hörmətini qazandı.
Tale elə gətirmişdi ki, bizə yaxın qonşuluqda yaşayırdı və çox zaman işdən evə metro ilə gedərkən ən müxtəlif mövzularda fikir  mübadiləsi aparardıq. Bu zaman Xosrov müəllimin  nə qədər geniş dünyagörüşünə malik olduğunun şahidi olmuşam. Xosrov müəllimin  ampluası iqtisadçı olmasına baxmayaraq, o, planetar biliyə malik idi. Hətta mən onu “canlı ensiklopediya” adlandırardım. Biz çox vaxt müxtəlif məclislərə, tədbirlərə birgə gedər, daim ünsiyyətdə olardıq. Xosrov müəllim yüksək insani keyfiyyətlərə malik olmaqla bərabər, bütün fəaliyyəti ilə yaxşılıq nümunəsi yaradan insan  idi.
Xosrov müəllim səmimi, təvazökar insan idi, heç vaxt təkəbbürlük, mənəm-mənəmlik etməzdi. O, həm də xeyirxah insan idi və  kimsəsizlərə yardım göstərməyi heç vaxt əsirgəməzdi. Bu  da onun imanlı, təqvalı adam olmasından irəli gəlirdi. Axı, Xosrov müəllim Həcc ziyarətində olmuşdu və müqəddəs dinimizin bütün qaydalarına mükəmməl şəkildə riayət edən şəxs idi.
Xosrov müəllim praqmatik və vətənpərvər şəxs idi. O, milli mənafeyi hər şeydən üstün hesab edirdi. Xarizmatik alim deyildi, lakin elmi diskussiyalarda, elmi məclislərdə öz biliyini, mövqeyini cəsarətlə sübut etməyi bacarırdı və  heç vaxt güzəştə getmirdi, heç nədən çəkinmirdi. Onun elmi çıxışları, məruzələri heç vaxt deklarativ xarakter daşımırdı, kreativliyi və müasirliyi ilə seçilirdi.
Xosrov müəllim alim, müəllim və insan kimi ciddi olmaqla yanaşı, həm də incə yumor hissi və  koloritivliyi ilə seçilirdi. Dostları ilə söhbət zamanı sətiraltı ifadələrdən istifadə edərək, zarafat etməyi də məharətlə bacarırdı.
Xosrov müəllim nə qədər yüksək intellektə malik olsa da, çox sadə, hətta mən  deyərdim ki, bir qədər sadəlövh insan təəssüratı yaradırdı. Söhbətcil şəxs idi, onunla asanlıqla təmasa daxil olmaq, fikrini, mövqeyini öyrənmək mümkün idi. Xosrov müəllimin ən  üstün cəhətlərindən biri  onun saf, təmiz, halal əqidəli insan olması idi. Müasir dövrdə belə insanlara çox az təsadüf olunur.
Xosrov müəllimin aurası da müsbət energetikaya malik idi.
Allah-taala Xosrov müəllimə bütün müsbət keyfiyyətlərini bəxş etmişdi. Xosrov müəllim öz həyatını elm və təhsil yolunda fəda verdi. Lakin özü şəxsi ailə həyatını qura bilmədi.  Xosrov müəllim sadə həyat sürmüşdü. Onun təmtəqarlı evi, villası, bağı, maşını, var-dövləti yox idi.  Lakin o, mənən, ruhən çox  zəngin idi.
Xosrov müəllimin elmi əsərləri həmişə elmi yeniliyi ilə fərqlənirdi. Əgər o, ingilis dilini bilsəydi, hesab edirəm ki, onun elmi əsərləri ABŞ-da, Avropada, dünyanın bir çox ölkələrində çap olunar və yayılardı. Ümumiyyətlə, Xosrov müəllim Azərbaycan elmini müxtəlif ölkələrdə, simpoziumlarda layiqincə təmsil etmişdir.
Xosrov müəllim elə şəxsiyyət idi ki, onun haqqında  uzun-uzadı danışmaq olar. İndinin özündə kafedrada onun yeri görünür.
Müxtəlif tədbirlərdə Xosrov müəllim hamı tərəfindən  böyük ehtiramla xatırlanır.
Həyat doğum günü ilə ölüm günü arasında körpüdür, başqa sözlə, həyat  beşiklə məzar  arasında sınaq müddətidir. Xosrov müəllim bu körpünü və sınaq müddətini şərəflə, alnıaçıq,  vicdanla keçmişdir.
 Hər bir insanın iki ömrü var:  yaşadığı və dünyasını dəyişəndən sonrakı ömür. Xosrov müəllim əsl ömrünü  şərəflə yaşadı, sonrakı ömür dünyası heç vaxt unudulmayacaq.
Deyirlər, əvəzolunmaz insanlar yoxdur. Amma mən hesab edirəm ki, Xosrov müəllim bir  şəxsiyyət kimi öz izini qoydu və heç zaman onu  sevənlərin, həmkarlarının, tələbələrinin yaddaşından çıxmayacaqdır.
Allah Xosrov müəllimə rəhmət eləsin, ruhu şad olsun.


F.M.Qarayev,
BDU-nun dosenti