Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret
İslam dünyasının  böyük alimi
 
Bu günlərdə Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verdi. Görkəmli şərqşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, professor Vasim Məmmədəliyev dünyasını dəyişdi. Həqiqətən, xalqımız üçün böyük itkidir.
Vasim müəllim elə insanlardan idi ki, onun haqqında keçmiş zamanda danışmaq çətindir. Mən bu yazını onun 70 illik yubileyi münasibətilə (avqust 2012-ci il, “İqtisadiyyat” qəzeti) qələmə almışdım. İndi oxuduqca, düşünürəm ki, yazdıqlarım elə bu günlə də səsləşir. Tək bir şeydən başqa… İndi həmin sözləri, cümlələri sətir-sətir keçmiş zamana çevirmək lazımdır…
Amma yox, Vasim müəllim haqqında hələ keçmiş zamanda danışa bilmirəm. Yəqin ki, nə vaxtsa danışaram. İndi isə 7 il əvvəl yazdığım yazını bu gün olduğu kimi sizlərə çatdırmaq istərdim. Müdrik insan, gözəl ailə başçısı, dəyərli ziyalı, görkəmli şərqşünas alim, qayğıkeş müəllim… Klassik Azərbaycan poeziyasının nadir bilicisi idi Vasim müəllim. İnsanları muğam incilərinə hörmət etməyə, onları düzgün ifa etməyə çağırırdı. Onun çıxışları milli mənəviyyatın qorunmasına, müğam sənətimizə, klassik poeziyamıza xidmət edir, onları yad ünsürlərdən, düzgün olmayan tələffüzlərdən, xallardan qoruyurdu. Təkcə Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsində iştirak etməsi Vasim müəllimin bu xalqın tarixində onun layiqli övladı kimi qalmasına bəs edir.
Vasim müəllim bu gün aramızda olmasa da, yeri həmişə görünəcək. Onun əziz xatirəsi onu tanıyanların, doğmalarının, dostlarının, tələbələrinin qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!

 
Dünya böyükdür, nəhəng-nəhəng qitələrdən ibarətdir. Ancaq dünya Yaxın Şərqdə göz açmış, dilə gəlmişdir. Təsəvvürə gətirin ki, bütün peyğəmbərlər Yaxın Şərqdə doğulmuş, bütün Allah kəlamı kitabları – “Avesta”, “Tövrat”, “İncil” və sonuncu müqəddəs kitabımız “Qurani-Kərim” Yaxın Şərqdə yazılmışdır. Tarix də Şərqdən başlamışdır, desəm, yəqin ki, səhv etmərəm. Avropa alimləri də tarixin ilk fəslini Şərqlə, xüsusən Yaxın Şərqlə başlamışlar. Təsadüfi deyil ki, Babil dövlətləri, Misir, Midiya, Mesopotamiya, Yunanıstan bəşər tarixinin əlifbası sayılırlar. Fəxr edirik ki, Vətənimiz Azərbaycan da Yaxın Şərqin ən zəngin tarixi olan ölkələrindən biridir.
Azərbaycan tarixini, mədəniyyətini Bəhmənyar və Tusi kimi alimlər, dağdan uca Dədə-Qorqud abidəsi, Nizami, Xəqani, Nəsimi, Füzuli, Xətai kimi şeir-sənət zirvələri əzəmətə mindirib. Orta əsrlərdən isə dünyada şərqşünaslıq elmi yaranıb, zənginləşib, təkmilləşib. Heç şübhəsiz, Azərbaycan şərqşünaslığının yaranmasında, onun nüfuzlu elmə çevrilməsində böyük tarixçi və şərqşünas alimlərimizin - akademik Əbdülkərim Əlizadənin, akademik Ziya Bünyadovun xidmətlərini minnətdarlıqla qeyd etmək lazımdır.
Sevindirici haldır ki, bu gün Azərbaycan şərqşünaslığı adlarını çəkdiyim şərqşünas alimlərimizin layiqli davamçısı, akademik Vasim Məmmədəliyevin yaradıcılığında, tədqiqatlarında daha da mükəmməlləşir. Vasim müəllim Azərbaycan xalqının milli sərvətidir. XX əsrdə Azərbaycan xalqı çox böyük ziyalılar yetişdirib, artıq XXI əsr­dən 19 il keçib. Bu ziyalıların ən yüksək səviyyədə olanları Azərbaycan Milli Elmlər Akademiyasının ədəbiyyatımızı, musiqimizi, mədəniyyətimizi, ümumiyyətlə humanitar elmləri dünya səviyyəsinə qaldıran akademikləridir. Üzeyir Hacıbəyov, Səməd Vurğun, Qara Qarayev, Mirzə İbrahimov, Əbdülkərim Əlizadə, Həmid Araslı, Əlisöhbət Sumbatzadə, Ziya Bünyadov, Aida İmanquliyeva... Bu alimlər içərisində Vasim Məmmədəliyev də var. Elə bu kifayətdir ki, Vasim müəllimin yaradıcılığı haqqında deyilən sözlərə yekun vurulsun.
Mən Vasim müəllimi uzun illərdir tanıyıram. İslam aləminin ən dəyərli alimlərindəndir. Vasim müəllim milli-mənəvi dəyərlərimizi dünyanın ən yüksək tribunalarından təmsil edir. Biz qloballaşan dünyada, İslam dünyasına haqsız hücumların olduğu bir dövrdə yaşayırıq. Bu haqsız hücumlara cavab vermək təkcə siyasətçilərin öhdəsinə düşmür, bu hücumlara cavab vermək şərqşünas alimlərin də vacib vəzifələrindən sayılır. Vasim müəllimi dünyanın harasına göndərsən o, həmin yerdə alimlər arasında parlayar. Çünki o, sözün əsl mənasında, alimdir, əsl ziyalıdır.
Vasim müəllim elmdə Fərhad kimi külüng vuran, bununla da özünəməxsus elm yolu açan nadir alimlərdəndir. O, mənəvi saflığın, milli qürurun, milli-mənəvi dəyərlərin, xeyirxahlığın, alicənablığın, nəhayət İslam dininin bayraqdarıdır. Vasim müəllimin elmi potensialı, İslam dini, onun fundamental əsasları barədə baxışları böyük bir məktəb, böyük bir xəzinədir.
Mənim fikrimcə, dövləti qorumaq üçün ilk növbədə milli-mənəvi dəyərləri qorumalıyıq. Əgər dövlət varsa, milli-mənəvi dəyərləri yoxsa, o, dövlət deyil. Dövlətin gücü onun iqtisadi qüdrəti ilə yanaşı, milli-mənəvi dəyərləri ilə ölçülür. Vasim müəllimin millət qarşısında ən böyük xidmətlərindən biri də milli-mənəvi dəyərlərimizi çox mükəmməl və savadlı şəkildə qorumağıdır.
Vasim Məmmədəliyev İslam aləminin incəliklərinə, dərinliklərinə yaxından bələd olan bir alimdir. Vasim müəllim heç vaxt şöhrətpərəst olmayıb, çünki o, insanlıq tərbiyəsini Qurani-Kərimdən, Peyğəmbər əleyhüssəlamın hədislərindən və Həzrət Əlinin müdrik kəlamlarından alıb. Sadəlik, təvazökarlıq, xeyirxahlıq, nəciblik, ləyaqət, hörmət, sədaqət onun qanına, canına, iliyinə hopmuşdur.
Təkrar edirəm ki, Vasim müəllim milli sərvətdir. Milli sərvəti də qorumaq lazımdır. Bu da təsadüfi deyil ki, cənab prezident insan kapitalına yüksək qiymət verir. Hər bir sahənin insan kapitalı var. Çox təəssüf ki, Vasim Məmmədəliyev kimi insanlar azdır.
O, dost kimi, insan kimi, ailə başçısı kimi də cəmiyyətdə böyük nüfuz qazanmışdır. Milyonların ola bilər, amma cəmiyyətdə nüfuzun olmaz. Nüfuz qazanmaq, millətin önündə getmək hər adama nəsib olmur, kimə nəsib olubsa onu xoşbəxt adlandırmaq olar. Vasim müəllim Azərbaycanda da, dünyada da bu xoşbəxtlərdəndir.
Heç şübhəsiz ki, Vasim müəllimin bir ziyalı, əsl vətəndaş kimi formalaşmasında mənsub olduğu nəslin, kökün, yetişdiyi sağlam ailə mühitinin böyük rolu olmuşdur. Alimin uşaqlığı da, gəncliyi də Abşeronda keçib. Abşeron böyükdür. Amma baxın, görün, Vasim müəllim Abşeronda nə qədər nüfuza malikdir. Nəinki Abşeronu, Azərbaycanı qarış-qarış gəzəsən hamısı Vasim müəllimi tanıyır. Çünki onun apardığı verilişlər – “Haqqın dərgahı”, “Nurdan damlalar” hamının qəlbinə yol tapıb. Belə bir deyim var: “Günəş gündüz nur verər, Ay gecələr, əqlin işığı isə həm gündüzü, həm də gecəni nurlandırır”. Vasim müəllim bu verilişlərdə öz elminin nurunu yorulmadan, xüsusi zövqlə insanlara bəxş edir. Vasim müəllim bir həqiqəti də yaxşı dərk edir ki, insanın yaxşısı xalqa xeyir verəndir, elm öyrədəndir. Bu mənada insanlar onun qeyri-adi istedada və möhkəm mərama malik olduğunu görür və qiymətləndirirlər.
Alimin böyüklüyü, gücü ondadır ki, o, elmini təbliğ edir. Şərqin incisi sayılan Nizamini, Füzulini, digər klassikləri, muğamları təbliğ edən insan əlbəttə ki, pak insan olar. O, oxunan qəzəllərin, şeirlərin hamısının mənasını bilir. Vasim müəllimin xəmiri bunlardan yoğurulub. Varından, vəzifəsindən asılı olmayaraq o, həmişə ona ehtiyacı olan insanların yanındadır.
Vasim müəllim fəaliyyəti dövründə bir neçə mükafatlara layiq görülmüşdür. Ən dəyərlisi isə möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə aldığı “Şöhrət” ordenidir.
Bu gün bütün Şərq dünyasında güclü mövqeyi, rolu olan  ən məşhur alimlər, islam dininin professional tədqiqatçıları və təbliğatçıları Vasim müəllimlə görkəmli bir alim, dərin tədqiqatları ilə seçilən şərqşünas-ərəbşünas ustad kimi hesablaşırlar.
Belə bir hörməti qazanmaq təkcə Vasim müəllimin deyil, bütünlükdə Azərbaycan şərqşünaslığı, Azərbaycan ərəbşünaslıq elminin nailiyyəti hesab edilməlidir. Elə buna görə də hər birimizin müsəlman kimi qürur hissi keçirməyə mənəvi haqqımız vardır.
 
Akademik Ziyad Səmədzadə